Həyatda baş verən münaqişələr düzgün həll edilsə onlar fəlakətə deyil, əksinə inkişafa səbəb ola bilər. Münaqişəli vəziyyəti düzgün qiymətləndirmək, onların həqiqi köklərini ayırd etmək, münaqişə tərəflərinin maraqlarını başa düşmək və qarşılıqlı anlaşmaya gələrək, yaranmış münaqişəni sülh yolu ilə vaxtında həll etmək olduqca vacib məsələdir. Adətən insanlar xırda bir anlaşılmazlıq ücbatından bir-biriləri ilə münaqişəyə girirlər. Xırda bir anlaşılmazlıq bəzən millətlər, ölkələr arasında da münaqişəyə səbəb ola bilər.
Hər bir insan ilk növbədə həyatda öz yerini başa düşməli, ona verilən bacarıqları düzgün qiymətləndirməyi bacarmalı, həyatın mənasını dərk etməli və ümumilikdə bəşəriyyətin inkişafı naminə çalışmalıdır. Məlumdur ki, insan öz həyatı uğrunda mübarizə aparmalıdır. Lakin bu mübarizə sivil xarakter daşımalıdır.
Münaqişələrin qarşısının vaxtında alınmaması insan həyatı və ümumilklə bütün bəşəriyyət üçün böyük təhlükə yaradır. Bunun mənfi təsiri istər məişət həyatında, istərsə də daha əhatəli siyasi, iqtisadi, sosial həyatda hiss etmək olar. Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Danimarka Qaçqınlar Şurası və Ümidli Gələcək Gənclər Təşkilatının birqə əməkdaşlığı ilə 2004 il 08 oktaybr saat 10.00-da Bakı Biznes Mərkəzində (Milli Park) «Sülh mədəniyyəti və münaqişələrin həlli istiqamətində tədrisin inkişafı» mövzusuna həsr olunmuş beynəlxalq konfrans təşkil edəcəklər. Konfransın əsas məqsədi, Təhsil Nazirliyi və Danimarka Qaçqınlar Şurasının dəstəyi ilə Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi və Yuva Humanitar Mərkəzinin Azərbaycanın 7 rayonu (Saatlı, Biləsuvar, Bakı, Sumqayıt, Bərdə, İmişli, Mingəçevir) və Məcburi Köçkün Qadınlar Assosiasiyasının Gürcüstanın 3 rayonunda (Qori, Kutaisi və Tsxaltubo) 70 məktəbdə «Sülh Mədəniyyəti və Münaqişələrin Həlli» adlı layihənin nəticələri haqda məlumatı geniş ictimaiyyətə çatdırmaq, bu layihə çərçivəsində Azərbaycan və Gürcüstan Təhsil Nazirliklərinin əməkdaşları ilə birgə Azərbaycan və Gürcü dillərində hazırlanmış dərs vəsaiti haqda məlumat vermək və sülh mədəniyyəti sahəsində orta və ali məktəblərdə tədrisin təşkilinin vacib olduğunu göstərməkdən ibarətdir.
Konfransda Təhsil Naziri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, BMT-nin Qaçqınlar üzrə Baş Komissarlığı, BMT-nin Qadınların İnkişafı üzrə Fondu, dövlət qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və Azərbaycan və Gürcüstanın məcburi köçkün və qaçqın məktəblərinin nümayəndələri iştirak edəcəklər.