Müqəddəs bayramlar içərisində “Ramazan Bayramı” mühüm yer tutur. Bu bayramın tarixi, müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər.


 


Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “On Bir Ayın Sultanı” da adlandırırlar. Çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur.


Ramazan ayı orucluq, insan nəfsinin paklığı, ağıl, iman və iradənin saflaşması dövrüdür. İnsan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir.


Ramazan ayının uşaqlar üçün xüsusi bir gözəlliyi var. Əlbətdə ki, digər qədim adət-ənənələr, bayramlar kimi Ramazan Bayramının mahiyyəti də uşaqların yaş qruplarına uyğun şəkildə çatdırılmalıdır. Bunu isə ailə üzvləri ilə birgə təşkil etmək onlar üçün maraqlı və müsbət istiqamətdə inkişaflarına dəstək olmuş olar.


 


Bu Müqəddəs Ayda uşaqlar böyüklərin yaşadığı şirin təlaşlarına ortaq olar, oruc tutmaq istəyərlər. Balacaların həvəslərini qırmaq istəməyən ailələr isə övladlarına yarım gün oruc tutmağa icazə verərlər. Bəzi analar bu qısa orucun iftarını övladlarının zövqünə görə hazırlayırlar. Uşaqlar iftar yeməyində, həmçinin çay süfrəsində belə bütün gün oruc tutmuş kimi ailələri ilə birgə həmin anın dadını çıxarırlar.


Ramazan Ayının mahiyyəti bu şəkildə uşaqlara aşılanarsa ailə dəyərlərinin, birlikdə zaman keçirmənin nə qədər maraqlı və önəmli olduğunu onlara hiss etdirə və onların inkişafının müsbət istiqamətdə davam etdirilməsinə şərait yaratmış olarıq. Gələcəyin böyükləri olan uşaqlarımız, ailə mühitində yaşadıqları bu təcrübə ilə əslində gələcək həyatlarını formalaşdırmış olurlar.