Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi 2003-cü ilin aprel ayından başlayaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi və UNİJEF-lə birgə «Valideyn-Müəllim Assosiasiyalırının yaradılması» adlı layihə həyata keçirir.
Layihənin əsas məqsədi Azərbaycan ilk dəfə pilot şəklində valideyn-müəllim-şagird-icma əməkdaşlığını quracaq və inkişaf etdirəcək «Valideyn-Müəllim Assosiasiyaları»nın yaradılması və inkişafından ibarətdir.
Qeyd etmək lazımdır ki, layihənin uğuru özünü elə ilk dövrlərdən göstərməyə başlamışdır. Belə ki, yalnız bir tərəfin, yəni valideynlərin təmsil olunduqları əvvəlki qurumlardan fərqli olaraq yaradılan yeni struktur mövcud problemlərin çözülməsində valideynlərlə müəllimlərin və icma nümayəndələrinin birgə fəaliyyət forması kimi daha səmərəli fəaliyyət aparmışdır.
Milli VMA-nın 23 Oktyabr 2004-cü il tarixində keçirilmiş təsis iclasından sonra VMA hərəkatına maraq və diqqət daha da artırılmışdır. Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi, UNİJEF və Təhsil Nazirliyi, həmçinin Procekt Harmoni Təşkilatı bu sahədə Azərbaycanda öz səylərini birləşdirmək və fəaliyyət göstərdikləri məktəblərdə VMA-ların yaradılması və inkişafı prosesinə diqqət və köməyə artırmaq niyyətindədirlər.
Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi, UNİJEF və Təhsil Nazirliyinin birgə layihəsi üzrə VMA-ların inkişafı proqramı çərçivəsində Əzizbəyov rayonu valideyn və müəllimlərinin təşəbbüsü ilə rayon məktəblərinin nümayəndələri, bələdiyyə və digər təşkilatların iştirakı ilə 2004-cü il noyabrın 5 saat 12.00-da Əzizbəyov rayonu 181 saylı məktəbdə «Valideyn-Müəllim Assosiasiyalarının yaradılması və inkişafı perspektivləri» mövzusunda geniş toplantı keçiriləcəkdir.
Bu toplantının əsas məqsədi, valideyn, müəllim, şagird və digər maraqlı təşkilatlara VMA-nın perspektivləri, digər məktəbdə əldə edilmiş nailiyyətləri, inkişaf mərhələləri və hər bir tərəfin rolu və iştirak prinsipi haqda məlumatlandırmaqdır.