Uşaq hüquqları ilə bağlı məsələlər təftiş ediləcək…
"Azərbaycanda Uşaq Hüquqları Konvensiyasının icrası və uşaqların vəziyyətinə dair" QHT Hesabatının hazırlanması məqsədilə Koalisiya yaradılır
Hesabat BMT-nin Uşaq Hüquqları Konvensiyası üzrə Komitəsinə təqdim ediləcək
1992-ci ildə Azərbaycanın BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulması, 2002-ci ilin may ayında BMT-nin Uşaqlara dair Xüsusi Sessiyasında qəbul edilmiş qətnamənin qəbulu və nəhayət, ölkəmizin Uşaqlar üçün Yararlı Dünya proqramına qoşulması Azərbaycanın qarşısında bir çox öhdəliklər qoyub. Bu öhdəliklərin yerinə yetirilməsi təkcə hökumətin deyil, cəmiyyətin də üzərinə düşür. Bunu nəzərə alaraq, 2002-ci ildə uşaq problemləri ilə məşğul olan bir çox təşkilatın birləşməsi nəticəsində Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı yaradıldı. Keçən müddət ərzində Alyans bir çox işlər görərək, beynəlxalq səviyyədə böyük nüfuz qazanmağa nail olub. Bunun nəticəsidir ki, Alyans 2002-ci ildə Mərkəzi və Şərqi Avropa, MDB və Baltikyanı ölkələr üzrə Uşaqlara dair UNİJEF-QHT Şəbəkəsinə üzv ola bilib. Bu dövrdən etibarən, Alyans həm milli, həm də beynəlxalq səviyyələrdə uşaq problemlərinin həlli və uşaq hüquqlarının müdafiəsi istiqamətində qəti addımlar atmağa başlayıb. Azərbaycan Uşaq Hüquqları üzrə QHT Alyansı 2003-cü ilin iyun ayının 15-də İstanbul şəhərində Uşaqlar üçün Yararlı Dünya proqramı çərçivəsində Mərkəzi və Şərqi Avropa, MDB və Baltikyanı ölkələr üzrə Uşaqlara dair UNİJEF-QHT Şəbəkəsi UNİJEF və Avropa Birliyi ilə birgə "Heç bir uşağı nəzərdən qaçırmayaq" adlı Regional Kampaniyaya qoşularaq bu kampaniyanın Azərbaycan üzrə həyata keçirilməsinə başlayıb. Alyansa daxil olan 50-dən artıq qeyri-hökumət təşkilatı və uşaq qrupları "Heç bir uşağı nəzərdən qaçırmayaq" Kampaniyası çərçivəsində bu dövr ərzində çoxsaylı işlər görüb. Uşaq hüquqlarının müdafiəsini ümumi məqsəd kimi qəbul etmiş bu kampaniya əsasən əlil, kimsəsiz, tədris müəssisələrində yaşayan, eləcə də qaçqın və məcburi köçkün uşaqların problemlərinin həllinə çalışmağa, bu problemləri həll etməyə yönəlib. Bu sahədə Alyans və onun üzvləri ölkə üzrə və beynəlxalq səviyyədə bir çox birgə proqramlar və tədbirlər həyata keçirmişməyə nail olub. Bu kampaniyada Alyans Azərbaycan hökuməti, Avropa Birliyi, UNİJEF və digər beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq edib və birgə proqramlar həyata keçirib. Bu təcrübəsini nəzərə alaraq, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, BMT-nin Uşaq Hüquqları Komitəsinə Azərbaycanda uşaqların mövcud vəziyyəti, Azərbaycan hökuməti tərəfindən Uşaq Hüquqları Konvensiyasının icrası və ümumiyyətlə, uşaq hüquqları sahəsində mövcud olan problemlərlə bağlı Hesabat hazırlamaq niyyətindədir. Bu məqsədlə QHT Alyansı tərəfindən UNİJEF və digər beynəlxalq təşkilatların dəstəyi ilə hesabatın hazırlanması üçün qırxdan artıq QHT və uşaq və gənclər qruplarını birləşdirəcək QHT Koalisiyası yaradılıb. Koalisiya çərçivəsində hesabatı hazırlayacaq işçi qruplar müəyyənləşdirilib. Həmin işçi qruplar, uşaq hüquqlarının tədrisi, müdafiəsi, qaçqın və məcburi köçkün uşaqların vəziyyəti, uşaqlara qarşı zorakılıq və uşaq əməyinin istismarı, uşaq alveri, kimsəsiz, əlil və küçə uşaqlarının mövcud vəziyyəti və s. sahələri əhatə edən məsələləri araşdıracaqlar. Hesabatın hazırlanması haqqında rəsmi bəyanat və onun nəzərdən keçirəcəyi məsələlər, BMT-nin UHK-nə Hesabatın Hazırlanması üzrə QHT Koalisiyasının 7 Dekabr 2004-cü il saat 10:00-da keçirəcəyi Konfrans və 13:00-da keçirəcəyi Mətbuat Konfransında elan ediləcəkdir. Hazırlanacaq hesabat 2005-ci ilin iyun ayının sonunadək hazırlanacaq və BMT-nin Jenevrədə yerləşən Uşaq Hüquqları Komitəsinə təqdim ediləcəkdir. Bundan sonra QHT Koalisiyasının nümayəndə heyəti BMT-nin Uşaq Hüquqları Komitəsinin 2005-ci ilin sentyabr-oktyabr aylarında keçirilən Sessiyasında iştirak edəcək və öz hesabatını müxtəlif dövlətləri təmsil edən 18 mütəxəssis qarşısında təqdim edərək onların suallarını cavablandıracaqdır. QHT Koalisiyası tərəfindən təqdim ediləcək hesabatın dinlənilməsindən sonra, 2006-cı ilin yanvar ayında Azərbaycan Hökümət nümayəndələri həmin Komitənin qarşısında Azərbaycan Höküməti tərəfindən göndərilmiş hesabatı təqdim edəcək və Komitə mütəxəssislərinin suallarını cavablandıracaqlar. Azərbaycan höküməti tərəfindən təqdim edilmih hesabat nəzərdən keçirildikdən sonra, BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycanda uşaqların vəziyyəti və BMT-nin Uşaq Hüquqları Konvensiyasının İcrası ilə bağlı mövcud olan problem və çətinliklərin həlli üçün Azərbaycan Hökümətinə konkret təklif və tövsiyyələr hazırlayıb təqdim edəcəkdir.