2004-cü ilin noyabr ayında Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim etmək üçün Azərbaycan tərəfindən Uşaq Hüquqları Konvensiyasının icrası və Azərbaycanda uşaqların vəziyyətinə dair alternativ QHT hesabatının hazırlanması məqsədilə özündə 60-dan artıq ictimai təşkilatı birləşdirən QHT Koalisiyası yaradılması istiqamətində fəaliyyətə başladı. Dekabr ayının 7-də həmin təşkilatların və digər dövlət və qeyri-hökumət təşkilatlarının, eləcə də beynəlxalq təşkilatların və kütləvi informvsiya vasitələrinin iştirakı ilə koalisiyanın Təsis Konfransı keçirildi. Konfransda qərara alındı ki, uşaq hüquqlarının icrası və bütövlükdə uşaqların vəziyyətinə dair məlumatların toplanması və hesabatın hazırlanması üçün 8 mövzu üzrə işçi qrupları yaradılsın.


Qruplar formalaşdırıldıqdan sonra dekabrın 10-11-də işçi qruplarının nümayəndələri üçün hesabatın hazırlanması qaydalarına dair seminar keçirildi. Bundan sonra isə hesabatın hazırlanması üzrə QHT koalisiyasının işçi qrupu tərəfindən hesabatın əhatə edəcəyi bir sıra yaxın sahələr üzrə mövzular birləşdirilərək, 5 mövzu üzrə sub-qrant müsabiqəsinin elan edilməsi qərarlaşdırıldı. Hazırlanacaq hesabat həm BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim etmək üçün, həm də daha da genişləndirilmiş formada ölkə daxilində uşaqlarla və uşaqlar üçün işləyən dövlət, qeyri-hökumət təşkilatları, eləcə də beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələri nümayəndələrinin istifadəsi üçün nəzərdə tutulur. Həmin sub-qrant layihələri üzrə mövzular aşağıdakılardır:

  • Yuvenal Ədliyyə sistemində islahat;
  • Paytaxtda və regionlarda yaşayan uşaqların vəziyyətinin öyrənilməsi məqsədilə uşaqların iştirakının təmin olunduğu forumlarının keçirilməsi;
  • İnternat və internat tipli müəssisələrdə tərbiyə olunan uşaqlar, küçə uşaqları, aztəminatlı ailələrdən olan uşaqlar və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş;
  • Uşaqlar üçün yararlı səhiyyə sistemi;
  • Uşaq hüquqlarının təbliği və uşaq problemlərinin mediada işıqlandırılması.

Bu mövzular üzrə layihələr 2005-ci il yanvar ayının 5-dən fevralın 2-nə qədər təqdim edilməli idi. Bu müddət ərzində hər mövzu üzrə 3-4 təklif olmaqla bütövlükdə işçi qrupuna 18 layihə təqdim olundu. Əvvəlcədən göstərildiyi kimi hər layihə 2-3 təşkilat tərəfindən birgə təqdim edilmişdi və bütövlükdə layihə təqdim edən təşkilatların sayı 40-a yaxın idi.


Təqdim edilmiş layihə-təkliflər işçi qrup tərəfindən baxılaraq araşdırıldıqdan sonra əvvəlcədən müəyyənləşdirilmiş və ərizəçilər arasında yayılmış qiymətləndirmə meyarları əsasında göstərilən mövzular üzrə aşağıdakı təşkilatlar sub-qrant müsabiqəsinin qalibləri elan olundular:

  • Yuvenal Ədliyyə sistemində islahat – «EL» Tədqiqat Proqramları Mərkəzi; «Buta» Uşaq Humanitar Fondu;
  • Paytaxtda və regionlarda yaşayan uşaqların vəziyyətinin öyrənilməsi məqsədilə uşaqların iştirakının təmin olunduğu forumlarının keçirilməsi – Azərbaycan Uşaqdan-Uşağa Sülh Şəbəkəsi, Xəzər Uşaq və Gənclərin Könüllü Qrupu, Dostluq Uşaq və Gənclərin Könüllü Qrupu;
  • İnternat və internat tipli müəssisələrdə tərbiyə olunan uşaqlar, küçə uşaqları, aztəminatlı ailələrdən olan uşaqlar və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş – Səlahiyyətli Təhsil; Respublika Uşaq Fondu, Milli Valideyn Müəlim Assosiasiyası;
  • Uşaqlar üçün yararlı səhiyyə sistemi – Helsinki Vətəndaş Assambleyası; Sosial Psixoloji Reabilitasiyaya Ehtiyacı olan Şəxslərə Dayaq İctimai Birliyi;
  • Uşaq hüquqlarının təbliği və uşaq problemlərinin mediada işıqlandırılması – azərbaycan demokratik tələbə gənclər təşkilatı; «Təmiz Dünya» İctimai Birliyi.

Bu təşkilatların təqdim etdikləri layihələr seçildikdən sonra onlarla müqavilələr imzalandı və həmin təşkilatlar yazmış olduqları layihələr üzrə fəaliyyətə başladılar.


Bundan sonra isə fevral ayının 17-nə qədər olan dövr üçün sub-qrant layihəsinin ikinci fazası elan edildi. Bu fazaya aşağıdakı mövzular daxil idi:

  • Təhsil, tədris və inkişaf.
  • Uşaq problemlərilə bağlı sosial reklamların – film-roliklərin çəkilişi.

Bu mövzular üzrə də 4 layihə təqdim olunmuşdu ki, onlardan da aşağıdakılar seçildi:

  • Təhsil, tədris və inkişaf – Vətəndaş Cəmiyyətində Debat Təhsil Mərkəzi; Milli Valideyn Müəllim Assosiasiyası.
  • Uşaq problemlərilə bağlı sosial reklamların – film-roliklərin çəkilişi - «EL» Tədqiqat Proqramları Mərkəzi.

Bu təşkilatlar da seçildikdən sonra onlarla müqavilələr imzalandı və onlar da fəaliyyətə başladılar.


Təşkilatların fəaliyyət göstərdikləri dövrdə onlarla mütəmadi əlaqə saxlanılır və onların fəaliyyətinə nəzarət və lazım olan məqamlarda onlara yardım həyata keçirilirdi.


Bundan əlavə, mart ayının 17-də «Uşaqların Kommersiya məqsədilə Cinsi İstismarına Qarşı Olaq» adlı konfrans keçirildi. Konfransda dövlət və qeyri-hökumət təşkilatlarının, eləcə də beynəlxalq təşkilatların və kütləvi informvsiya vasitələrinin nümayəndələri iştirak edirdilər. Konfrans zamanı uşaqların kommersiya məqsədilə cini istismarının səbəb və nəticələri, problemin araşdırılmasının zəruriliyi və həlli yollarının araşdıralması müzakirə olundu. Bundan başqa, həmin konfrans ərəfəsində və konfransdan sonra bu məsələ ilə bağlı görülmüş fəaliyətlərə dair geniş sorğu da kesirildi.


Mart ayının 30-da Azərbaycanda uşaq ombudsmanının yaradılması zərurəti ilə bağlı Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa və mətbuat konfransı təşkil olundu. Həmin dəyirmi masada ölkədə uşaq ombudsmanının yaradılıb-yaradılmaması, belə bir qurumun Azərbaycanda nə dərəcədə zəruri olub-olmaması, əgər Uşaq Ombudsmanı institutu yaradılarsa, onun hansı yaş kateqoriyasına aid insanlarla işləməsi və ümumiyyətlə bu institutun müstəqil, yoxsa İnsan Hüquqları üzrə Müvəkkil institutunun hansısa bir orqanı kimi fəaliyyət göstərməsi məsələləri müzakirə olundu. Dəyirmi masaya ölkədə uşaqlarla bağlı fəaliyyət göstərən qeyri hökumət təşkilatlarının, dövlət strukturlarının, beynəlxalq qurumların nümayəndələri dəvət olunmuşdular. Dəyirmi masa başa çatdıqdan sonra media mənsublarının sualları cavablandırıldı.


Mart ayının 31-də isə Azərbaycanda Yuvenal Ədliyyə Sistemi mövzusunda dəyirmi masa təşkil olunmuşdu. Həmin dəyirmi masada da ölkədə uşaqlarla bağlı fəaliyyət göstərən qeyri hökumət təşkilatlarının, dövlət strukturlarının, beynəlxalq qurumların nümayəndələri iştirak edirdilər. Dəyirmi masada müzakirə mövzusu Azərbaycanda Yuvenal Ədliyyə Sisteminin bugünkü vəziyyəti, mövcud durumu təkmilləşdirmək yolları, beynəlxalq təcrübə və onun Azərbaycana transformasiyası problemləri və s. bu kimi məsələlər idi. Bununla əlaqədar Azərbaycana dəvət edilmiş iki əcnəbi ekspert – Cenevrə şəhərindən Yuvenal Ədliyyə üzrə mütəxəssis, Paris və Cenevrə şəhərlərinin yevenal məhkəməsinin keçmiş hakimi Andre Dunant və Moskvadan Nodar Xananaşvilinin fikirləri xüsusi maraq doğururdu. Sonda ənənəvi olaraq jurnalistlərin çoxsaylı sualları cavablandırıldı.


Aprel ayının 1-də beynəlxalq ekspertlər Andre Dunant və Nodar Xananaşvilinin, eləcə də yerli ekspert və səlahiyyətlilərin iştirakı ilə Azərbaycanda Yuvenal Ədliyyə Sisteminə həsr olunmuş televiziya verilişinin çəkilişləri həyata keçirildi. Bu verilişdə də müzakirə olunan məsələ Yuvenal Ədliyyə Sisteminin mövcud durumu, onun təkmilləşdirilməsi yolları, beynəlxalq təcrübə və onun Azərbaycana transformasiyası məsələləri oldu. Aprelin 6-da isə mövzu «Space» televiziyasında canlı efirdə davam etdirildi.


Aprel ayının 2-də beynəlxalq ekspertlər Andre Dunant və Nodar Xananaşvili Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin, «EL» Tədqiqat Proqramları Mərkəzinin, Uşaqların Müdafiəsi Liqasının nümayəndəsi ilə birgə ədliyyə Nazirliyinin Təlim Mərkəzində və Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin uşaq tərbiyə müssisəsində görüşlər keçirdilər. Bu görüşlərin keçirilməsində məqsəd Azərbaycanın Yuvenal Ədliyyə sistemi ilə əyani tanış olmaq, durumu təkmilləşdirmək üçün tövsiyyələr vermək və yeniyetmələrin tərbiyə müəssisəsindəki şəraitini byrənmək idi.


Bundan əlavə, həm qeyri hökumət təşkilatları, həm də dövlət orqanlarının nümayəndələri ilə çoxsaylı təkbətək və çoxtərəfli görüşlər həyata keçirildi.


Hazırda qrant layihələləri üzrə işlər yekunlaşmaq üzrədir. Xatırladaq ki, Azərbaycan tərəfindən Uşaq Hüquqları Konvensiyasının icrası və Azərbaycanda uşaqların vəziyyətinə dair Alternativ QHT hesabatının hazırlanması yönündə görülmüş işlərlə bağlı alternativ QHT hesabatı iyun ayının sonunnadək BMT-nin uşaq hüquqları komitəsinə təqdim edilməlidir.