Valideyn, müəllim və şagird arasındakı münasibətlər təhsil prosesinin əsas qayəsini təşkil edir. Bu üçlüyün arasında qurulan sağlam əlaqələr uşağın akademik və emosional inkişafını gücləndirir. Valideynlər şagirdin evdəki dəstək sistemini, müəllimlər isə məktəbdə onun akademik və sosial həyatını təmin edir. Lakin bu münasibətlərdə bəzən gizli problemlər yaranır ki, bunlar ilk baxışdan dərhal görünməyə bilər. Valideynlərin yüksək akademik gözləntiləri, müəllimlərin valideynlərlə kifayət qədər ünsiyyət qurmaması və şagirdin ehtiyaclarının gözardı edilməsi kimi hallar məktəblinin təhsildəki uğurlarına və sosial-emosional inkişafına mənfi təsir göstərir.
Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Kəmalə Aşumova bildirib. O, deyib ki, bu problemlərin əsas mənbəyi münasibətlərdəki əlaqəsizlik və ünsiyyət çatışmazlığıdır. Valideyn və müəllimlər arasında müntəzəm, açıq ünsiyyət qurulmadıqda, şagirdin təhsilindəki problemlər vaxtında aşkarlanmır və dərinləşir. Bu kimi hallar son nəticədə şagirdin təhsil prosesində özünü təzyiq altında hiss etməsinə səbəb ola bilər. Bu stereotiplərin aradan qaldırılması üçünsə, valideynlərlə müəllimlər arasında davamlı əməkdaşlıq təmin olunmalı, eyni zamanda şagirdin fərdi ehtiyaclarına uyğun yanaşma həyata keçirilməlidir. Belə olarsa, şagirdin təhsilə olan marağı və özünəinamı artacaq.