Mart ayının 31-də Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının UNİSEF, Kanada Fondu, World Vision və Save The Children tərəfindən dəstəklənən Uşaq Hüquqları Müvəkkili – Ombudsman İnstitutunun yaradılması layihəsi çərçivəsində Uşaq Hüquqlarının Müdafiə Liqası Azərbaycanda uşaq ombudsmanının yaradılması zərurəti ilə bağlı dəyirmi masa keçirəcək. Dəyirmi masanın keçirilməsində məqsəd uşaqların hüquqlarının müdafiəsinin gücləndirilməsinə, uşaqların hüquqlarını müdafiə edəcək dövlət qurumunun yaradılmasına təşəbbüs göstərmək, bu məsələlər ətrafında dövlət rəsmilərinin, qeyri-hökumət təşkilatlarının, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların və ictimaiyyətin nümayəndələrinin fikirlərini eşitməkdir.
Xatırlatmaq yerinə düşər ki, yaşı 1-dən 18-ə qədər olan Azərbaycan vətəndaşlarının sayı 2 milyona yaxındır. Ancaq onların hüquqlarının qorunması istiqamətində görülən işlər heç də qənaətbəxş hesab oluna bilməz. Bu isə ölkədə sırf uşaq hüquqları ilə məşğul olacaq institutun yaradılmasını zəruri edir. Bu kimi strukturlar dünyanın əksər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində mövcuddur. Hətta bəzi ölkələrdə ayrı-ayrı şəhərlərin belə uşaq ombudsmanları fəaliyyət göstərir. Azərbaycan isə Uşaq Hüquqları Konvensiyvsını 1992-ci ildə imzalamasına baxmayaraq, hələ də ölkəmizdə uşaq hüquqları ilə bağlı problemlər yetərincə çoxdur. Bu barədə hələ 1997-ci ildə BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycan hökumətinə tövsiyyə etsə də, nədənsə bu məsələ indiyədək həll edilməmiş qalıb.
Keçirilməsi nəzərdə tutulan dəyirmi masada bütün bu məsələlər araşdırılacaq və müzakirə ediləcəkdir. Dəyirmi masanın sonunda mətbuat konfransının keçirilməsi də nəzərdə tutulur.