Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Valideyn-Müəllim Assosiasiyası və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı 12 Aprel 2005-ci il tarixində saat 19:00-da Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xeyriyyə Konserti təşkil edib.
Xeyriyyə Konsertinin keçirilməsi Azərbaycan Dövlət Neft Şirkəti, Atəşgah Sığorta Şirkəti, Blu Vater Şippinq Şirkəti və Beynəlxalq Qadınlar Klubunun yardımı sahəsində mümkün olmuşdur.
Konsertin əsas məqsədi:
Bakı şəhəri 8-ci km qəsəbəsində yerləşən kar və eşitmə qabiliyyəti zəif olan uşaqlar üçün nəzərdə tutulmuş İnternat Məktəbində təhsil alan 300-dən artıq şagirdin təhsil imkanlarını genişləndirmək və inkişafı etdirmək məqsədilə xüsusi eşitmə qabiliyyətini artıran mini-eşitmə cihazlarının alınması və internatda tədris prosesini inkişaf etdirmək üçün kompüter avadanlığının alınıb hədiyyə edilməsi üçün lazımi maliyyə vəsaitini əldə etməkdir.
Konsertdə Azərbaycan Respublikası Təhsil Naziri Cənab Misir Mərdanov, Azərbaycan Respublikası Milli Məclisinin Vitse-Spikeri Ziyafət Əsgərov, Azərbaycan Dövlət Neft Şirkətinin, Atəşgah Sığorta Şirkətinin, Blu Vater Şippinq Şirkətinin və Beynəlxalq Qadınlar Klubunun rəhbərləri və nümayəndələri, Dünyaya Baxış təşkilatı, Bakı turizm səyahətləri idarəsinin, Təhsil işçiləri və digər şəxslər iştirak edirdi. Konsertdə Azərbaycan Respublikasının Əməkdar Artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərini ifa etdilər. Bununla yanaşı konsertdə Respublikanın Əməkdar Artisti Zəhra Quliyeva, Respublika Müsabiqələri Laureatları Dinarə Əliyeva və Vüsal İsgəndərzadə iştirak edirdi.