Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Avropa Şurasının dəstəyilə 25-30 May 2005-ci il tarixində təşkil etdiyi Gənc Liderlər üçün Siyasi Liderlik və İnkişafa dair Beynəlxalq Təlim Kursu çərçivəsində may ayının 27-də Beynəlxalq Mətbuat Mərkəzində Konfrans keçirildi. «Gənclərin Siyasətdə Rolu» mövzusunda keçirilən bu Konfransda təlimdə iştirak edən yerli və xarici QHT və siyasi partiyaların gənclər təşkilatlarının üzvləri ilə yanaşı, Gənclər İdman və Turizm Nazirliyinin nümayəndələri, ölkədə fəaliyyət göstərən əksər siyasi partiyaların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, media mənsubları və müstəqil ekspertlər də iştirak edirdilər. Konfransın məqsədi gənclərin bugünkü siyasi həyatda fəaliyyətlərinin araşdırılması, onların siyasi proseslərə cəlb edilmələri yollarının axtarışı və bu yolda qarşıya çıxan maneələrin müəyyənləşdirilməsi idi. Konfransın gedişi zamanı gənclər idman və turizm nazirinin müavini İntiqam Babayev dövlətin gənclərlə bağlı siyasətindən, görülmüş işlərdən və nəzərdə tutulan layihələrdən söhbət açdı, nazirliyin qapılarının siyasi mövqeyindən asılı olmayaraq, bütün gənclər üçün açıq olduğunu bildirdi. Ondan sonra çıxış eləyən bir sıra natiqlər də gənclərin siyasətə cəlb edilməsinin zəruriliyindən danışaraq bu yöndə fəaliyyətin gücləndirilməsinin vacib olduğunu bildirdilər. Konfransda iştirak edən əksər müxalif siyasi partiya təmsilçiləri isə gənclərin siyasi fəaliyyətlərinə qoyulan çoxsaylı qadağalardan, məmur özbaşınalığından, universitet rəhbərlərinin siyasi fəaliyyətlə məşğul olan tələbələrə göstərdikləri təzyiqlərdən, hətta bəzən onların universitetdən qovulması ilə hədələnmələrindən və s. bu kimi problemlərdən danışdılar. Təlimlərdə və Konfransda iştirak edən Gürcüstan, Ukrayna və Rusiya Federasiyasının təmsilçiləri və İsveç krallığından gəlmiş nümayəndə öz ölkələrində gənclərin siyasi fəaliyyəti barədə geniş məlumat verdilər. Qeyd etmək lazımdır ki, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi gələcəkdə də öz tərəfdaşları və beynəlxalq və milli peşəkar təlimçi və mütəxəssisləri cəlb edərək Azərbaycanda siyasi fəaliyyət sahəsində təlim kursları, tədris proqramları və müxtəlif regionlardan olan gənclər arasında əməkdaşlığın və liderliyin inkişafı platformasının yaradılması vasitəsilə xüsusi Gənc Siyasi Liderlər Məktəbi və internet əsasında Virtual Məktəb yaratmaq niyyətindədir. Pilot təşəbbüs olaraq, təlim kursunun iştirakçıları və ümumiyyətlə siyasi fəaliyyətdə olan və siyasətlə maraqlanan şəhər və rayon gəncləri arasında məlumat, bilik və bacarıqlar mübadiləsini təşkil etmək və eyni zamanda gənclər arasında şəbəkə yaratmaq məqsədilə layihə çərçivəsində iştirakçıların təşəbbüsü nəticəsində «Youth_In_Politics» və ya «Gənclər Siyasətdə» e-mail qrupu da yaradılıb. Bu e-maili arzu edən hər bir şəxs qoşula bilər. Sadəcə olaraq [email protected] emil poçtuna məktub göndərmək və ya http://groups.yahoo.com/group/youth_in_politics internet saytına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.