BMT-nin Uşaq Hüquqları Konvensiyası üzrə Komitəsinə təqdim ediləcək «Azərbaycanda Uşaq Hüquqları Konvensiyasının icrası və uşaqların vəziyyətinə dair» QHT Hesabatının təqdimat mərasimi kçiriləcək.
Qısa tarix:
- BMT-nin Uşaq Hüquqları Konvensiyası Azərbaycan Respublikası tərəfindən 1992-ci imzalaıb və ratifikasiya edilib;
- BMT-nin Uşaq Hüquqları Komitəsinə Azərbaycan hökumətinin ilk hesabatı 1994-cü ildə təqdim edilib (imzaladığı gündən iki il sonra);
- BMT-nin Uşaq Hüquqları Komitəsinə QHT tərəfindən ilk alternativ hesabat 1996-ci ildə təqdim edilib (Uşaqların Müdafiə Liqası tərəfindən);
- Azərbaycan hökuməti BMT-nin Uşaq Hüquqları Komitəsinə 2-ci hesabatı 1999-cu ildə təqdim etməli idi. Ancaq BMT-nin Uşaq Hüquqları Komitəsinin qaydalarına uyğun olaraq, Azərbaycanın 2-ci və 3-cü birləşdirilmiş dövri hesabatı 2004-cü ilin fevral ayında BMT-nin Uşaq Hüquqları Komitəsinə göndərilib.
2004-cü ilin noyabr ayından başlayaraq Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı Azərbaycanda fəaliyyət göstərən müxtəlif QHT-lərlə əməkdaşlıqda BMT-nin Uşaq Hüquqları Komitəsinə Azərbaycanda uşaqların vəziyyəti, Azərbaycan hökuməti tərəfindən BMT-nin Uşaq Hüquqları Konvensiyasının icrası və ümumiyyətlə, uşaq hüquqları sahəsində mövcud olan problemlərlə bağlı Hesabat hazırlamaq məqsədilə altmışdan artıq QHT və uşaq və gənclər qruplarını birləşdirəcək QHT Koalisiyası yaratmışdı. Ötən 6 ay müdətində Koalisiya uşaq hüquqlarının tədrisi, müdafiəsi, qaçqın və məcburi köçkün uşaqların vəziyyəti, uşaqlara qarşı zorakılıq və uşaq əməyinin istismarı, uşaq alveri, kimsəsiz, əlil və küçə uşaqlarının mövcud vəziyyəti, uşaq səhiyyəsi, təhsildəki problemlər, uşaqların qanunla mühakiməsi və s. sahələri əhatə edən geniş araşdırma aparıb və yetkin bir hesabat hazırlayıb. QHT Koalisiyasının gərgin əməyinin nəticəsi olan bu hesabatın təqdimatı 17 iyun 2005-ci il saat 15:30-da Bakı Biznes Mərkəzində olacaqdır.
Təqdimetmə mərasimində QHT Koalisiyasına daxil olan təşkilatlarla yanaşı dövlət strukturlarının, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların, ölkənin aparıcı QHT-lərinin, kütləvi informasiya vasitələrinin, mütəxəssis və ekspertlərin də iştirakı gözlənilir.
Xatırladaq ki, hazırlanmış Alternativ QHT Hesabatı BMT-nin Cenevrədə yerləşən Uşaq Hüquqları Komitəsinə təqdim ediləcəkdir. Bundan sonra QHT Koalisiyasının nümayəndə heyəti BMT-nin Uşaq Hüquqları Komitəsinin 2005-ci ilin sentyabr-oktyabr aylarında keçirilən Sessiyasında iştirak edəcək və öz hesabatını müxtəlif dövlətləri təmsil edən 18 mütəxəssis qarşısında təqdim edərək onların suallarını cavablandıracaqdır. QHT Koalisiyası tərəfindən təqdim ediləcək hesabatın dinlənilməsindən sonra, 2006-cı ilin yanvar ayında Azərbaycan hökumət nümayəndələri həmin Komitənin qarşısında Azərbaycan hökuməti tərəfindən göndərilmiş hesabatı təqdim edəcək və Komitə mütəxəssislərinin suallarını cavablandıracaqlar. Azərbaycan hökuməti tərəfindən təqdim edilmiş hesabat nəzərdən keçirildikdən sonra, BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycanda uşaqların vəziyyəti və BMT-nin Uşaq Hüquqları Konvensiyasının icrası ilə bağlı mövcud olan problem və çətinliklərin həlli üçün Azərbaycan hökumətinə konkret təklif və tövsiyyələr hazırlayıb təqdim edəcəkdir.
Alternativ QHT Hesabatında Azərbaycanda uşaqların vəziyyəti, Azərbaycan hökuməti tərəfindən BMT-nin Uşaq Hüquqları Konvensiyasının icrası və ümumiyyətlə, uşaq hüquqları sahəsində mövcud olan problemlərlin təsviri ilə yanaşı vəziyyətdən çıxış üçün konkret tövsiyyələr də verilir ki həmin tövsiyyələrin də gələcəkdə həm dövlət strukturları, həm də QHT-lər və digər qurumlar tərəfindən yerinə yetirilməsi uşaqların vəziyyətənin yaxşılaşdırılması baxımından çox əhəmiyyətlidir.