Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı Azərbaycanda Yuvenal Ədliyyə (uşaqlar tərəfindən törədilən hüquqpozmalar və uşaqların qanunla mühakiməsi) məsələlərini əhatə edən geniş araşdırma aparıb və uşaq hüquqpozmaları, yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıq və onun səbəbləri, mühakimə zamanı polis, prokurorluq orqanları, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar və məhkəmələrin rolu və fəaliyyəti, təhsil müəssisələrində, uşaq tərbiyə müəssisələrində, çətin tərbiyə olunan uşaqlar üçün internat məktəblərində və s. əlaqədar yerlərdəki uşaqların vəziyyəti, yetkinlik yaşına çatmamış hüquq pozucularının saxlanma şəraitlərini özündə əks etdirən geniş hesabat hazırlayıb.


Hesabatın nəşr edildiyi kitabda mövcud vəziyətlə yanaşı bu sahədəki qüsurların aradan qaldırılması yolları, uşaqlarla işləyən dövlət strukturlarının işlərinin təkmilləşdirilməsi, qəbul olunması zəruri olan qanun layihələri və s. haqda təklif və tövsiyyələr də əks etdirilib. Xatırladaq ki, bu məsələ ilə əlaqədar Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının dəvəti ilə mart-aprel aylarında Rusiyadan və İsveçrədən bu sahədə yüksək səviyyəli bilik və təcrübəyə malik mütəxəssislər də dəvət olunmuşdular.


ATƏT-in Bakı Ofisi və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində dövlət, qeyri-hökumət, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrinin, media mənsubları və ekspertlərin iştirakı ilə geniş konfrans da keçirilmişdi.


İyun ayının 28-də Beynəlxalq Mətbuat Mərkəzində hesabatın təqdimatı keçiriləcək və bu sahədə gələcəkdə görüləcək işlər barədə keçiriləcək mətbuat konfransında ictimaiyyətə geniş məlumat veriləcəkdir. Xatırladaq ki, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının hazırladığı bu hesabat artıq BMT-nin Uşaq Hüquqları Komitəsinə, eləcə də BMT Baş Katibinin Uşaqlara Qarşı Zorakılıqların Araşdırılması Proqramına təqdim edilib.