2005-ci ilin May ayından başlayaraq Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı UNİCEF və Avropa Birliyinin Komissiyası ilə birgə 2005-2006-ci illəri əhatə edəcək və öz əsasında milli səviyyədə uşaq hüquqlarının tədrisi və vəkilliyi sahəsində Azərbaycanın müxtəlif dövlət qurumlarının uşaq problemləri ilə məşğul olan məsul nümayəndələri, uşaq hüquqları ilə məşqul olan yerli QHT-lər, beynəlxalq təşkilatların əməkdaşları və həmçinin uşaqlar üçün xüsusi təlim/tədris kursunun təşkili, seçilmiş rayonlarda yerli dövlət qurumları, QHT-lər və uşaqların iştirakı ilə seminar-təlimlərin keçirilməsi və Alternativ QHT hesabatında əksini tapmış tövsiyyələrin həyata keçirilməsi məqsədilə dövlət orqanları ilə sıx əməkdaşlığın qurulmasından ibarət olacaq «Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq» layihəsinin 2-ci Fazasını həyata keçirir.


Təlim proqramının və layihənin əsas məqsədi milli səviyyədə uşaqlara dair milli siyasətin hazırlanması və həyata keçirilməsində birbaşa iştirak edən aidiyyatlı dövlət qurumları, Milli Məclis, beynəlxalq və yerli QHT-lərin, UNİCEF, Avropa Birliyi, Dünya Bankı, ATƏT, Avropa Şurası və s. təşkilatların birgə əməkdaşlığının inkişaf etdirilməsinə nail olmaq və təcili həllini gözləyən uşaq problemlərinə həmin qurumların diqqətini cəlb edərək onların həlli istiqamətində birgə çalışmağa səsləməkdir.


Bu məqsədlə layihə çərçivəsində aidiyyatlı Nazirliklər, Milli Məclis, UNİCEF, Avropa Birliyi, ATƏT, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Save the Children, World Vision, Internews və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansından ibarət Ölkə üzrə Məsləhətçi Qrup təşkil edilmişdir ki, onun da əsas məqsədi uşaq problemləri sahəsində çalışan dövlət, beynəlxalq və yerli QHT-lər, BMT-nin agentlikləri, Avropa Birliyi, ATƏT və s. təşkilatları birləşdirərək uşaq problemlərinin müzakirəsi, fəaliyyətin əlaqələndirilməsi və uşaq problemləri haqqında cəmiyyətə lazımi məlumatın çatdırılmasını təmin etməkdir.


Layihə çərçivəsində 17-22 avqust tarixində Qubada uşaqlarla və uşaqlar üçün işləyən nazirlik və dövlət qurumlarının, eləcə də yerli QHT-lərin nümayəndələri üçün təlim keçiriləcəkdir. Bundan sonra isə daha geniş tərkibdə iştirakçıların - KİV, beynəlxalq təşkilatların nümayəndələrinin da qatılacağı seminarın keçirilməsi nəzərdə tutulur. Uşaqlara dair strategiyanın hazırlanmasını və uşaqların müdafiə sisteminin öyrədilməsini nəzərdə tutan bu seminarın keçirilməsində xaricdən dəvət ediləcək mütəxəssisin iştirakı planlaşdırılır.