20 noyabr 1989-cu il tarixində BMT-nin Baş Assambleyası tərəfindən Uşaq Hüquqları Konvensiyası qəbul olunmuşdur. Konvensiya 1990-cı ildə 20 dövlətin ratifikasiyasından sonra qüvvəyə minmişdir. Qəbul olunduqdan sonra Konvensiya artıq 194 ölkə tərəfindən ratifikasiya olunmuşdur. Konvensiyanın prinsip və standartları bütün ölkələr tərəfindən tanınmış və universal olaraq qəbul edilmişdir. Bu konvensiya uşaqların hüquqlarını təmin edən universal kodeksdir. O uşaq hüquqlarına dair bütün məsələləri bu sənəddə cəmləşdirib. Konvensiya uşaqların iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqlara malik olmasını vurğulayır.
Azərbaycan Respublikası 1992-ci ildən bu konvensiyaya qoşulub. 1998-ci ildə ölkəmiz Uşaq hüquqlarına dair ayrıca qanunu da qəbul etdi ki, bu da ölkə qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət etmişdir.
2001-ci ildə Azərbaycanda fəaliyyət göstərən uşaq təşkilatlarını birləşdirən və Azərbaycanda uşaq hüquqlarının müdafiəsi və maarifləndirilməsi ilə məşğul olan Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı yaradıldı.
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı 2005-ci ildə BMT-nin Uşaq Hüquqları Komitəsinə «Azərbaycanda Uşaqların vəziyyəti və Uşaq Hüquqları Konvensiyansının İcrası» və «Azərbaycanda Yuvenal Ədliyyənin» vəziyyətinə dair hökümətin hesabatına alternativ olaraq hesabat hazırlayıb və oktyabr ayında Cenevrə şəhərində həmin komitəyə təqdim etmişdir.
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və ona üzv olan Azərbaycan Valideyn-Müəllim Assosasiyası, «El» İnkişaf Proqramları Mərkəzi, “Cəzaçəkmiş qadınların cəmiyyətə qayıdışı” İctimai Birliyi, Azərbaycan Gənc Hüquqşunaslar Birliyi və Azadlıqdan Məhrum-etmə Yerlərinin Müşahidəsi təşkilatları Azərbaycanda Yuvenal Ədliyyənin inkişafı, yetkinlik yaşına çatmayanların qanunla mühakiməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, maarifləndirmə işlərinin aparılması və beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə bir çox proqram və tədbirlər həyata keçirirlər.
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və onun üzvü olan Azərbaycan Valideyn-Müəllim Assosiasiyası 20 noyabr 2005-ci il tarixində saat 11:00-da Uşaq Hüquqları Konvensiyasının qəbulu günü münasibəti ilə Bakıda yerləşən Uşaq Tərbiyə Müəssisəsində silsilə tədbirlər keçirəcəkdir.
Tədbirlərdə Uşaq Tərbiyə Müəssisəsində islah olunan uşaqlar, QHT-lər, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ombudsman Aparatının, Beynəlxalq Təşkilatların nümayəndələri iştirak edəcəkdir.