Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı 2001-ci ildə Azərbaycanda uşaqlarla və uşaqlar üçün fəaliyyət göstərən milli və yerli QHT-lərin, uşaq və gənclər qruplarının milli şəbəkəsi kimi yaradılmışdır. Uşaq Hüquqları üzrə QHT Alyansı artıq dörd ildir ki, uşaq hüquqlarının tədrisi, müdafiəsi və təbliği sahəsində fəaliyyət göstərir və hal-hazırda özündə uşaq hüquqlarının müxtəlif sahələrində çalışan 59-dan artıq QHT, uşaq və gənclər qrupunu birləşdirir. QHT Alyansının əsas məqsədi, uşaq hüquqlarının müdafiəsi sahəsində çalışan və uşaqlara müxtəlif xidmətlər göstərən təşkilatlar arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, fəaliyyətləri haqqında geniş ictimaiyyəti, dövlət qurumları və donorların məlumatlandırılması, uşaqların üzləşdiyi problemlərin həlli istiqamətində onların səylərinin birləşdirməsindən ibarətdir.
Son bir neçə il ərzində Azərbaycanda, ümumiyyətlə, cəmiyyətin, yerli QHT-lər, beynəlxalq təşkilatlar və müvafiq dövlət qurumları tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların, o cümlədən, fiziki və əqli cəhətdən əlil olan uşaqlar, küçə uşaqları, fiziki və s. zorakılığa məruz qalmış uşaqların problemlərinə və onların həllinə diqqət artırılmışdır. Artıq Azərbaycanın müxtəlif bölgələrində müxtəlif yerli və beynəlxalq təşkilatların birgə əməkdaşlığı və səyi nəticəsində bir çox icma əsaslı reabilitasiya və dayaq mərkəzləri yaradılmışdır. Onların müxtəlif təşkilatlar tərəfindən yaradılması, ölkənin müxtəlif bölgələrində yerləşməsi və bir-biri arasında sıx əlaqələrinin olmaması, bu vacib sahədə çalışan qurumlar arasında əməkdaşlığın və onun nəticəsində təcrübə, məlumat və bacarıqların mübadiləsinə məhdudiyyət yaradır.
Məhz xüsusi qayğıya ehtiyacı olan uşaqlara xidmət göstərən QHT və mərkəzlər arasında təcrübə, bilik, bacarıq və məlumat mübadiləsini təşkil etmək, həmin qurumların bu kateqoriyadan olan uşaqların reabilitasiyası, cəmiyyətə inteqrasiyası, bu uşaqların hüquqlarının təmin edilməsi və onların dolğun həyat sürmələri üçün həyata keçirdikləri tədbirlər barəsində geniş ictimaiyyəti məlumatlandırmaq və bu mərkəzlərin fəaliyyətinin dəstəklənməsinə dövlətin diqqətini artırmaq məqsədilə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və onun tərəfdaşları 10 Fevral 2006-cı il Bakı şəhəri «Gülüstan» Sarayında «Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Problemlərinə» dair QHT və icma yönümlü mərkəzlərin Milli Elmi-praktiki Konfrans və Sərgisini planlaşdırır.
Konfrans və sərginin əsas məqsədi:
- Xüsusi qayğıya ehtiyacı olan uşaqlara cəmiyyətin diqqətini artırmaq;
- Dövlət tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının müdafiəsini gücləndirmək;
- Dövlət qurumları və beynəlxalq donor təşkilatları və özəl sektor tərəfindən QHT və icma əsaslı mərkəzlərə diqqəti artırmaq.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinə dair Milli Elmi-praktiki Konfrans və Sərgidə iştirak etmək üçün əlavə edilmiş ərizə formasını doldurub 5 Yanvar 2006-cı il tarixinə kimi Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansına göndərməyinizi xahiş edirik.