Ölkəmizdəki uşaqların yarıdan çoxu işləyir


A.Akifqızı


Uşaq Hüquqları üzrə QHT Alyansı və Azərbaycan Uşaq Birliyinin keçirdiyi sorğunun təhlilinə görə, Azərbaycanın bir neçə böyük şəhərində təqribən 2000 küçə uşağı var.


QHT Alyansının ölkənin 20 rayonunda 10.000 uşaq, 3000 valideyn və 2000 müəllim arasında keçirdiyi sorğuya əsasən, hazırda Azərbaycandakı uşaqların 55%-dən çoxu müxtəlif işlər yerinə yetirir. Bu uşaqların 50%-dən çoxu gündə 4 saatdan artıq işləyir. Qaçqın və məcburi köçkün uşaqlarının 10 yaşdan yuxarı olanlarının 80%-i müxtəlif işlərə cəlb edilir. Bunların əksəriyyətini ya vəziyyət məcbur edib, ya da valideynləri tərəfindən qazanc əldə etmək və ailələrini saxlamaq üçün məskunlaşdıqları yerləri və düşərgələri tərk edərək Bakıya gəlməyə təhrik ediliblər. QHT Alyansının məlumatında qeyd edilir: "Küçə uşaqları müxtəlif əşyaların daşınmasından tutmuş, ticarət, yaşayış yerlərinin təmizlənməsi, maşınların yuyulması, avtobus və digər nəqliyyat vasitələrində pul yığılmasına qədər çox müxtəlif işlərə cəlb edilirlər. Bu uşaqlar tez-tez onlara iş verən və onlardan pul tələb edən yaşlılar, hətta bəzi polis müfəttişləri tərəfindən döyülür və təhqir edilirlər. Işləyən uşaqlar, görünür ki, məktəbə getmirlər və onlar yoxsulluğun və ümidsizliyin girdabına düşə bilərlər".


Öyrəndik ki, alyans uşaqların vəziyyəti barədə dəqiq məlumata malik olmaq məqsədilə Bakı, Quba, Lənkəran, Ucar, Gəncə, Sumqayıt, Masallı, Zaqatala, Dəvəçi, Şamaxı, Mingəçevir, Imişli və Bərdədə məskunlaşmış məcburi köçkün uşaqlar arasında, küçələrdə, ictimai yerlərdə, məktəblərdə, təhsil şöbələrində və digər yerlərdə uşaqlar və böyüklər arasında sorğular keçirmiş, müsahibələr almış, uşaqlarla "dəyirmi masa"lar təşkil etmişdir. Bütövlükdə aparılmış araşdırmalar nəticəsində uşaqları narahat edən əsas məsələlər üzə çıxarılıb. Məlum olub ki, uşaqları narahat edən problemlər sırasında onların istismarı və uşaq əməyindən sui-istifadə məsələləri mühüm yer tutur. Bu məsələlər barədə həm yerlərdə, həm də paytaxt Bakıda keçirilən uşaq forumlarında geniş müzakirələr aparılıb.


Forumlarda ayrı-seçkilik, istismarla qarşılaşan və sui-istifadə olunan uşaqların ağır vəziyyəti, yoxsul ailələrdən olan uşaqlar və dövlət uşaq müəssisələrində tərbiyə olunan uşaqlar və s. məsələlərə uşaqların münasibəti aşkarlanmış, hər bir mövzu üzrə "Biz nə edə bilərik?", "QHT-lər nə edə bilərlər?" və "Dövlət nə edə bilər?" suallarına uşaqların münasibəti formalaşdırılmışdır.