BMT ekspertləri Azərbaycanda uşaq hüququna dair tövsiyələrini fevralda açıqlayacaqlar


Nailə İSMAYILOVA


İnsan hüquqlarından danışanda daha çox yada böyüklər düşür. Ekspertlər isə hesab edirlər ki, müasir cəmiyyət azyaşlı uşağın küçədə çalışmasını, məktəbə getməməsini və s. faktları onların hüquqlarının pozulması kimi dəyərləndirmir. Qeyd edək ki, 1992-ci ildə Azərbaycan Uşaq Hüquqları Konvensiyasını ratifikasiya edib. Təbiidir ki, həmin vaxtdan bəri xeyli qanunverici aktlar qəbul edilib. Lakin mütəxəssislər qeyd edirlər ki, sözügedən Konvensiyanın prinsiplərinin Azərbaycan qanunvericiliyində əks olunması ilə bağlı müəyyən boşluqlar var.


Millət vəkili, Respublika Uşaq Təşkilatının rəhbəri Gülər Əhmədova təəssüflə qeyd etdi ki, Konvensiyanın tələblərinin hamısı milli qanunverici sistemdə öz əksini tapmayıb. Onun fikrincə, qanunvericiliyin beynəlxalq sənədlərin, o cümlədən Uşaq Hüquqları onvensiyasının prinsiplərinə uyğunlaşdırılması vacib məsələdir.


Uşaq hüquqlarının müdafiəsi üçün dövlət mexanizminə gəldikdə, millət vəkili söylədi ki, mexanizm ümumiyyətlə mövcud deyil. Onun sözlərinə görə, BMT-nin Azərbaycan hökumətinə etdiyi tövsiyədə bu məsələ öz əksini tapmışdı. G.Əhmədova hesab edir ki, uşaqların hüquqlarının müdafiəsi üçün dövlət mexanizmi vacibdir və yaxın günlərdə bu mexanizm yaradılmalıdır.


Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov isə yada salır ki, uşaq hüquqları üzrə ombudsmanlığın yaradılması ilə bağlı 1997-ci ildə irəli sürülən tövsiyə bu günə qədər yerinə yetirilməyib. O qeyd edir ki, alyans adından ölkə başçısına müraciət də ünvanlanıb. Cənab Seyidova görə, Azərbaycanda uşaqlarla bağlı məsələləri əlaqələndirəcək ayrıca qurumun olmaması uşaqların hüquqlarının müdafiəsində xeyli çətinliklər yaradır.


Uşaq hüquqlarının müdafiəsi ilə razılaşmayanlar sırasında Uşaq Hüquqlarının Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov da var. O deyir ki, BMT-nin sözügedən konvensiyasının verdiyi 38 tövsiyədən indiyə qədər yalnız bir neçəsi həyata keçirilib. Cənab Bəkirov deyir ki, ortaya çıxan başlıca problem bu sahədə qəbul edilmiş qanunların icrası ilə bağlıdır.


Qeyd edək ki, bu günlərdə Cenevrədə keçirilən toplantıda ölkədə insan hüquqlarının müdafiəsinə dair həm hökumətin, həm də qeyri-hökumət təşkilatlarının təqdim etdiyi sənəd dinlənilib. Yekun qərar isə BMT ekspertlərinin fevral ayında Bakıya səfəri ərəfəsində açıqlanacaq.


Uşaq hüquqlarının müdafiəsi sahəsində ortaya çıxan digər bir problem isə övladlığa verilmə ilə bağlıdır. Belə ki, bir çox ekspertlər hesab edirlər ki, bu uşaqların bəziləri həqiqətən də övladlığa götürülərək ayrı-ayrı ailələrdə yaşasalar da, bir qismi insan alverinin qurbanına çevrilib. Baş prokurorun 1-ci müavini Rüstəm Usubov mətbuata açıqlamasında deyib ki, 2002 - 2004-cü illərdə Azərbaycan vətəndaşları olan 186 uşaq əcnəbi vətəndaşlara övladlığa verilib. Cənab Usubov həmin uşaqların sonrakı taleyi ilə bağlı Respublika Prokurorluğunda araşdırmalar aparıldığını da əlavə edib.


"Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, sözügedən məsələ ilə bağlı cinayət işi qaldırılsa belə, onun həlli həmin uşaqların sonrakı taleyi izlərinin müəyyənləşməsi ilə mümkündür. Mehriban Zeynalovaya görə, bu, konkret faktlar əsasında olmalıdır: "Hesab edirəm ki, həmin uşaqların bir qismi doğrudan da övladlıqdadır. Bir qismi isə insan alverinin qurbanına çevrilib".


Söhbət əsnasında birlik sədri azyaşlı uşaqların insan alveri qurbanına çevrilməsinə dair fikirlərə də aydınlıq gətirdi. Onun sözlərinə görə, bu uşaqlar orqanların transplantasiyası və digər təhlükə ilə üzləşə bilərlər. "Tam formada cinayətin açılması üçün isə həmin uşaqların getdikləri marşrutlar üzrə monitorinqi aparılmalıdır. Ola bilsin ki, bu vaxt cinayət işi qaldırılar və günahkarlar 2 - 3 il cəzaya məhkum edilərlər. Amma dəqiq araşdırılmasa, təbii ki, cəzalandırma yüngül olacaq və bundan da kimlərsə bəhrələnəcəklər. Yəni bunu təkrar edənlər olacaq. Ona görə ki, cəzanın yüngül olduğunu əvvəlcədən bilirlər", - deyə o əlavə etdi.


Mehriban Zeynalova əksər uşaq evlərində bu hadisələrin baş verdiyini də istisna etmir. Onun sözlərinə görə, bu cür halların internat məktəblərində də baş verməsi qaçılmazdır: "Ümumiyyətlə, bu məsələlərdə həmin müəssisələrin rəhbərləri əsas rol oynayırlar. Bu zaman uşaqlar azyaşlı olduğundan onların razılığı olmur. Qeyd etmək istərdim ki, bu uşaqlar arasında valideyni olanlar da var. Və belə uşaqların əksəriyyətinin valideyni onlardan imtina edib. Əslində isə uşaq azyaşlı olduğundan bu vaxt onun valideyninin razılığı mütləq olmalıdır. Heç kimin ixtiyarı yoxdur ki, hansısa uşağın həyatını müəyyən etsin".


Söhbət əsnasında birlik sədri bəzi uşaqların müalicə olunmaq üçün aparılması barədə informasiyalara malik olduğunu da dilə gətirdi: "Hesab edirəm ki, bu araşdırma tam ətraflı olmayacaq. Bunun üçün də külli miqdarda pul lazımdır. Əgər uşağın valideyni razı olsa və qanunda nəzərdə tutulmuş bütün tələblər yerinə yetirilsə, o, əcnəbi vətəndaşa övladlığa verilə bilər. Bundan sonra isə uşağın taleyinin izlənməsi də vacibdir. Çünki bu onun həqiqətən övladlığa götürülüb-götürülməməsi ilə bağlı faktları dəqiqləşdirməkdə yardımçı ola bilər. Bunu isə nə müəssisə, nə qeyri-hökumət təşkilatları, nə də ki dövlət orqanları edir".


Birlik sədri qeyd etdi ki, beynəlxalq təşkilatlar çoxlu sayda tədbirlər görsələr də, onları həyata keçirmək üçün imkan yaratmırlar. Belə ki, bu təşkilatlar yalnız özlərinin nəzərdə tutduğu istiqamət üzrə maliyyə xərcləri çəkməkdə maraqlı olurlar. "Məsələn, biz Amerikaya aparılan uşaqların sonrakı taleyini müəyyənləşdirmək üçün monitorinq aparmaqla bağlı istəyimizi ifadə etsək, onu gerçəkləşdirmək üçün vəsait tapa bilməyəcəyik. Çünki bu, beynəlxalq təşkilatların missiyasında yoxdur", - deyə o söylədi.