Gənc Hüquqşünaslar Birliyinin həyata keçirdiyi "Gənclərin Insan Hüquqları Şəbəkəsi Qadın hüquqları uğrunda" layihəsi bu suala cavab verir


Oksana ƏZIMOVA, Nailə ISMAYILOVA


Yəqin ki, qanunla tənzimlənən nikahla tərəflər üzərinə heç bir məsuliyyət qoymayan vətəndaş nikahının üstünlükləri barəsində hər bir vətəndaş düşünür. Ekspertlər bu suala birmənalı cavab verməyin mümkün olmadığını qeyd edirlər. Onların qənaətincə, bu nikahların hər ikisinin ayrı-ayrılıqda özünəməxsus xüsusiyyətləri var. Məsələn, qeyri-rəsmi adlandırılan vətəndaş nikahında hər iki tərəf - qadın və kişi münasibətlərdə müstəqildirlər. Necə deyərlər, bir-birləri qarşısında məsuliyyət mövcud deyil. Onlar əlaqələrini hər hansı rəsmiyyət tələb olunmadan istənilən an kəsə bilərlər. Ekspertlər qeyd edirlər ki, məhz bu amil, yəni məsuliyyətsizlik hissi vətəndaş nikahını insan üçün cəlbedici edir.


Qanuni nikaha gəldikdə isə, bəllidir ki, nikahın bu növü qadınlara konkret hüquqlar verir. Bu hüquqlar boşanacağı təqdirdə qadını müdafiə edir, o, konkret nəzərdə tutulmuş mülkə və yaşayış üçün məkana malik olur. Respublika üzrə vəziyyəti nəzərdən keçirsək, görərik ki, gənclərin bir qismi Avropaya doğru addımlayır və qeyri-rəsmi nikaha normal münasibət göstərir. Lakin araşdırmalar göstərir ki, heç də hamı bu fikirdə deyil. Belə ki, gənclərin digər qismi nikahın qanuni olmasının tərəfdarıdır və bunu milli mentalitetlə, islam dini ilə əlaqələndirir. Amma hər an belə bir sual ortaya çıxa bilər, bəs qadınlar üçün hansı nikah daha sərfəlidir?


Qanunverciliyimizə əsasən, yalnız qanuni nikah tanınır. Yalnız qanuni nikahda olmaqla qadın hər hansı mülkə və ya yaşayış məkanına haqq tələb edə bilər. Vətəndaş nikahı dağıldığı təqdirdə qadına, demək olar, heç nə çatmır. Bunu nəzərə alaraq demək olar ki, qanuni nikah qadın üçün daha sərfəlidir.


Qeyd etmək lazımdır ki, respublikamızda "kəbin" adlanan dini nikah da mövcuddur. Dini nikaha əsasən, bu cür nikah qanuni sayılır, amma unutmaq olmaz ki, Azərbaycan dünyavi dövlətdir və qanunvericilik yalnız VVAQ-da bağlanmış nikahı tanıyır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, hələ də ölkənin rayon və kəndlərində, o cümlədən də şəhərlərdə gənclər yaş məhdudiyyəti ilə ələqədar olaraq dini nikah kəsdirməyə üstünlük verirlər. Məlumat üçün qeyd edək ki, Respublikanın Ailə Məcəlləsində qızlar üçün nikaha daxil olma yaşı 17, oğlanlar üçün isə 18 göstərilib.


Araşdırmalar göstərir ki, bu rəqəm bölgələrdə daha da aşağıdır. Belə ki, əksər rayonlarda qızların nikaha daxil olma yaşı 15-16-dır. Nəticədə bu nikah qeydiyyata alınmır və yenə qadın zərər çəkmiş olur. Ekspertlər qeyd edirlər ki, bu vəziyyət cənub bölgəsi üçün daha xarakterikdir. Belə ki, hələ sovet illərində burada qızların tez ailə qurmasının qarşısını almaq mümkün olmamışdı. Yerli adamlar deyirlər ki, burada qızların erkən yaşlarından ailə qurmağa meylli olmasında ətraf mühitin rolu danılmazdır. Elə bu səbəbdən də VI sinifdən başlayaraq burada qızların məktəbə gəlib-getməsi seyrəkləşir. X-XI siniflərdə isə onları barmaqla saymaq mümkündür.


Lənkəran məktəblərinin birində dərs deyən Esmira müəllimənin sözlərinə görə, digər həmyaşıdlarının məktəbdən uzaqlaşması elmə həvəs göstərən qızlara da sirayət edir. O qeyd edir ki, bir çox qızlar dərsə gəlsələr belə, ev tapşırığından, hansısa məsələnin həllindən deyil, valideynlərinin onlar üçün aldıqları cehizdən, onun qiymətindən söhbət açırlar.


O qeyd edir ki, qızların erkən yaşlarında nikaha cəlb olunması sonradan bir sıra problemlər yaradır. Belə ki, bu gənclərin əksəriyyəti rəsmi nikah olmadan ailə qururlar. Sonradan, məsələn, boşanma zamanı qadının hüquqları tanınmır. Çünki bu nikahı təsdiq edən rəsmi sənəd yoxdur.


Belə bir vəziyyəti nəzərə alaraq bir çox təşkilatlar əhalini maarifləndirmək üçün çoxsaylı tədbirlər həyata keçirir. Belə təşkilatlardan biri də Azərbaycan Gənc Hüquqşünaslar Birliyidir. Birlik ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə "Gənclərin Insan Hüquqları Şəbəkəsi Qadın hüquqları uğrunda" layihəsini həyata keçirir.


Layihənin əsas məqsədi vətəndaş və qanuni nikahda olan qadınların hüquqlarının maarifləndirilməsi və müdafiəsindən ibarətdir. Layihə müddətində Bakı, Lənkəran, Ismayıllı, Şəki, Xaçmaz və Mingəçevirdə vətəndaş nikahında yaşayan qadınların hüquqi müdafiəsi təmin olunacaq. Qeyd edək ki, adları çəkilən hər bir rayondan 3 nümayəndənin iştirakı ilə 6 mobil qrup yaradılacaq. Ilk növbədə isə qrup üzvləri üçün üç günlük təlimlərin keçirilməsi nəzərdə tutulub.


Bundan əlavə "Qadın hüquqları", "Rəsmi nikahlar və onun üstünlükləri", "Qeyri-rəsmi nikahda zorakılığa qarşı mübarizə" mövzusunda məlumat kitabçalarının hazırlanması da nəzərdə tutulub.