"Şəhid uşaqları və anaları" təşkilatının rəhbəri Zemfira Tağızadəyə görə, onların da kommunal xərclər, tibbi müayinə və müalicə ilə bağlı güzəştlərə ehtiyacı var


Sadiqə MEHDIYEVA, Oksana ƏZIMOVA


Elə anlayışlar var ki, hamını birləşdirir, həmrəy edir. Bu gün Qarabağ və münaqişə ətrafında baş verən hər bir hadisə harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları birləşdirən ortaq nöqtə olmalıdır. Çünki itirilmiş Qarabağ və bu torpaqlar uğrunda şəhid olan insanlar bizim həm ağrımız, həm də qürurumuzdur.


Təəssüflər olsun ki, son illər bu insanları ayrı-ayrı rayonların işğal olunmasının ildönümündə yada salırıq. Halbuki, həmin insanlar hər birimizin xatirəsində yaşamalıdır.


Adi Azərbaycan vətəndaşı olaraq, bu insanların ailələrinin bu illər ərzində necə yaşaması ilə maraqlandıq. Suallarımıza "Şəhid uşaqları və anaları" təşkilatının rəhbəri Zemfira Tağızadə cavab verir.


"Şəhid uşaqları və anaları" təşkilatını yaratmaq ideyası necə yarandı?

  • Bu cəmiyyəti yaratmaq zərurətini 1992-ci ildə oğlum, Milli Qəhrəman Eldar Tağızadə müharibədə həlak olduqdan sonra hiss etdim. Bilirsiniz, təklikdə belə bir dərdin öhdəsindən gəlmək çox çətin, bəzən isə qeyri-mümkündür. Ona görə də bütün şəhid ailələrini ətrafıma toplamaq qərarına gəldim. Beləcə 1995-ci ildə təşkilatın əsası qoyuldu. Bizim əsas məqsədimiz şəhid ailələlərinə və onların uşaqlarına dəstək vermək, onlar üçün müəyyən şəraitin yaradılmasına nail olmaqdır.
  • Rəhbərlik etdiyiniz təşkilat ilk olaraq hansı addımları atdı? - Qeyd etmək istəyirəm ki, hazırda təşkilatın tərkibinə 200-ə yaxın ailə daxildir. Burada mənim himayəmdə 210 uşaq böyüyür. Təşkilatı yaradanda qarşımıza qoyduğumuz ilk məqsəd şəhid ailələrinə mənəvi, maddi, humanitar yardım etmək, bu ailələrdən olan uşaqların təhsili ilə bağlı məsələlərdə yardımçı olmaq idi. Elə ilk gündən də fəaliyyətimizi konkret olaraq bu xətt üzrə qurmağa çalışmışıq. Universitetdəki tələbələrim könüllü şəkildə qadınlar və uşaqlar üçün müxtəlif təlimlər, kurslar təşkil edirdilər ki, buraya ingilis dili kursları da daxil idi. Həmçinin bir çox uşaqların pulsuz kompüter kurslarına göndərilməsinə də nail olduq. Təşkilatın nəzdində onlar üçün rus və Azərbaycan dillərində kitabxananın təşkilinə nail olduq.
  • Qeyd edim ki, təşkil etdiyimiz müxtəlif təlim və kursların təşkilatçısı özümüz olsaq da, bizə yardım edən təşkilatlar da var idi. Bu sırada mən "Havva" humanitar yəhudi fondunun köməyini xüsusi ilə qeyd etmək istərdim.
  • Hər bir təşkilat fəaliyyətinin ilk günlərində problemlərlə üzləşir. Siz hansı çətinliklərlə rastlaşdınız?
  • Fəaliyyətimizin ilk illərində bir sıra etiraz və iradlar eşidirdik. Çoxları deyirdilər ki, ölkəmizdə çoxlu sayda müharibə əlilləri var, bəs onların problemləri ilə niyə məşğul olmursunuz? Əlbəttə, mən onların etirazlarını başa düşürəm. Həqiqətən də müharibə əlillərinə, eləcə də onların ailələrinə lazımi diqqət göstərilməlidir. Lakin biz məhz şəhid ailələri ilə işləmək qərarını verdik. Çünki əlil ailələrinə nisbətən şəhid ailələrinin daha ağır vəziyyətdə olduğunu düşünürdük. Bir düşünün, əlil ailələrindən fərqli olaraq şəhid ailəsində böyüyən uşağa nəsihət verəcək şəxs, ailə başçısı yoxdur. Bundan başqa, bizim təşkilatda elə qadınlar var ki, onlar bir neçə uşaqla tək qalıblar. Ailənin bütün ağırlığı məhz bu gənc qadınların üzərindədir.
  • Təşkilati işləri qurarkən ortaya çıxan digər bir problem şəhid insanın həyat yoldaşı ilə şəhid anası arasında mövcud olan anlaşılmazlıq idi. Məlumdur ki, dövlət tərəfindən nəzərdə tutulan güzəştlər əsasən şəhid ailəsinə şamil edilir. Şəhid ailəsi anlayışı isə ilk növbədə şəhid insanın həyat yoldaşını və uşaqlarını nəzərdə tutur. Şəhidin valideynləri müəyyən qədər kənarda qalır və nəticədə müəyyən anlaşılmazlıqlar ortaya çıxır. Bu problemi aradan qaldırmaq üçün çox çalışmalı olduq. Hər iki tərəfə kifayət qədər diqqət göstərməklə harmoniya yaratmağa çalışırdıq.
  • Siz tərəflər arasındakı anlaşılmazlıqdan danışdınız. Bəs gündəlik həyatda şəhid ailəsi əsasən hansı problemlə üzləşir?
  • Qadınların əsasən rastlaşdığı problemlər işsizlik, maddi və sosial çətinliklərdir. Bu çətinliklər xüsusilə işədüzəlmə zamanı daha kəskin nəzərə çarpır. Məsələ burasındadır ki, bu qadınların çoxunun təhsili orta məktəblə məhdudlaşır. Bütün ailənin ağırlığı isə onların çiyinlərinə düşəndə aşağı səviyyəli təhsil işədüzəlmə şansını daha da azalır. Bu, hazırda bizi narahat edən bir nömrəli problemdir.
  • Təşkilatımızın maliyyə imkanları son zamanlar xeyli məhdudlaşıb. Buna görə də bu ailələrə maddi yardım etmə imkanımız da azalıb. Amma buna baxmayaraq, bir-birimizə dayaq olmağa çalışırıq.
  • Zemfira xanım, tez-tez mətbuatda dövlət strukturlarının şəhid ailələrinə laqeyd yanaşması haqqında fikirlər səslənir. Siz bu barədə nə deyə bilərsiniz?
  • Hamının əvəzinə danışa bilmərəm. Yalnız öz təcrübəmdən çıxış edərək demək istərdim ki, dövlət orqanları bizə kömək edirdilər. Əlbəttə ki, bu fikri bütün qurumlara şamil etmək olmaz. Lakin mən xeyirxah insanlar sırasında Zərifə Quliyeva, Elmira Süleymanova və yeni səhiyyə nazirimizin adlarını çəkmək istərdim. Həmçinin "Aztelekom", "Azyevrotel" kimi qurumlar təşkilatımıza yardım ediblər.
  • Real mənzərəni nəzərdən keçirərkən siz məhz şəhid ailələri üçün nə kimi dəyişiklik və yeniliklər edilməsini istəyərdiniz?

Düşünürəm ki, ilk növbədə təhsillə bağlı bəzi məsələlərə yenidən baxılmasına ehtiyac var. Doğrudur, artıq dövlət təhsil müəssisələrində şəhid ailələrindən olan tələbələr üçün geniş güzəştlər nəzərdə tutulub. Lakin özəl təhsil müəssisələrində də təhsil haqqına güzəşt edilsəydi, çox yaxşı olardı.


Digər problem şəhid valideynlərinin güzəştlərdən müəyyən qədər kənarda qalmasıdır. Kommunal xərclər, tibbi müayinə və müalicə ilə bağlı bu insanların da güzəştlərə ehtiyacı var.


Həmçinin şəhid ailələrindən olan uşaqların məktəblərdə təhsillə bağlı problemləri ortaya çıxır. Belə ki, məktəblərdə müntəzəm olaraq pul yığılması ucbatından onsuz da maddi təminatı aşağı olan bir çox şəhid ailələləri uşaqlarını məktəblərdən çıxarırlar. Bu isə onların gələcəyinə mənfi təsir göstərir. Düşünürəm ki, bu sadaladığım problemlərə daha çox diqqət ayrılmasına ehtiyac var.