Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının üzvü olan Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin təşəbbüsü və ATƏT-in Bakı Ofisinin dəstəyilə QHT Alyansın «Yuvenal Ədliyyənin inkişafı» üzrə İşçi Qrupunun üzvləri - Azərbaycan Gənc Hüquqşünaslar Birliyi, Azadlıqdan Məhrumetmə yerlərinin müşahidəsi İctimai Birliyi, «El» İnkişaf Proqramları Mərkəzinin iştirakı ilə «Yuvenal ədliyyənin inkişafı» proqramı çərçivəsində Azərbaycanın rayon və şəhərlərində yerləşən polis məntəqələrinin nəzdində olan müvəqqəti saxlama yerləri, uşaq bölüşdürücü mərkəzləri, uşaq tərbiyə müəssisəsi, yetkinlik yaşına çatmayanların saxlanması üçün nəzərdə tutulmuş istintaq təcridxanaları, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin monitorinqini həyata keçirəcəkdir. Bu məqsədlə 3-4 fevral tarixində monitorinqi həyata keçirəcək işçi qrupunun üzvləri üçüni son təlimatlandırma seminarı keçiriləcək və fevral ayının 15-dən etibarən monitorinqin bilavasitə yerlərdə həyata keçirilməsinə başlanılacaqdır.


Bu monitorinq layihəsi ümumiyyətlə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının ATƏT-in Bakı ofisi və Böyük Britaniya Səfirliyinin dəstəyilə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Polis Akademiyası, Təhsil Nazirliyi və Əmək və əhalinin sosial müdafiəsi nazirlikləri ilə əməkdaşlıqda həyata keçirilən «Yuvenal Ədliyyənin İnkişafı Proqramı» çərçivəsində baş tutacaqdır və bu layihənin nəticələri Azərbaycanda yuvenal ədliyyə sisteminin inkişafı prosesində və onun BMT-nin beynəlxalq standartlara uyğun qurulmasında istifadə ediləcəkdir.


Eyni zamanda 2006-cı ilin fevral–iyun ayları ərzində yetkinlik yaşına çatmayanların işləri ilə əlaqədar düzənlənəcək məhkəmə proseslərinin də müşahidəsidə nəzərdə tutulub. Bu layihənin nəticəsi olaraq, sadalanan sahələrdə mövcud problem və çətinliklərin araşdırılması və onların aradan qaldırılması məqsədilə konkret təklif və tövsiyyələri əks etdirəcək xüsusi hesabat hazırlanacaq və müvafiq dövlət qurumlarına təqdim ediləcəkdir.