UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri polis inspektorlarının təlimlərdə qazandıqları bacarıqları öz işlərində istifadə edəcəyinə inandığını söyləyir


AYNURƏ

Dünən Nyatt Recency otelində "Ədliyyə sistemində yeniyetmələrin müdafiəsi"nə həsr olunmuş təlimlərdə iştirak etmiş Bakı qarnizonunun yetkinlik yaşına çatmayanlarla iş üzrə polis inspektorlarına sertifikatlar təqdim edildi. Qeyd edək ki, onlar ötən ilin noyabr-dekabr aylarında UNICEF-in təşkil etdiyi təlimlərdə iştirak ediblər.


Tədbirdə iştirak edən UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Hana Singer bildirib ki, təlimlərdə iştirak etmiş 100-ə yaxın polis inspektorlarına Yeniyetmələrin Ədliyyəsi sahəsində mövcud olan və Azərbaycanın qoşulduğu beynəlxalq sənədlər haqqında məlumatlar verilib, təcrübə mübadiləsi aparılıb. UNICEF rəhbəri polis inspektorlarının təlimlərdə qazandıqları bilik və bacarıqları öz işlərində istifadə edəcəklərinə inandığını dilə gətirdi.


Onun fikrincə, Azərbaycan üçün belə təlimlərin təşkili olduqca vacibdir. Onun sözlərinə görə, yeniyetmələrin hüquqlarının müdafiəsi ilə bağlı problemlər bütün dünya ölkələrində mövcuddur. H.Singer vurğuladı ki, UNICEF bütün ölkələrdə Uşaq Hüquqları Konvensiyasının həyata keçirilməsinin tərəfdarıdır.


Tədbirdə iştirak edən daxili işlər nazirinin müavini Oruc Zalov bildirdi ki, UNICEF nazirliyə təlimlərin təşkilində böyük köməklik göstərib. O əlavə etdi ki, sertifikat alan polis əməkdaşları beynəlxalq yuvenal ədliyyə (yeniyetmələrin mühakiməsi) sistemində işləyə bilərlər.


Natiq bildirdi ki, ölkəmizdə törədilən cinayətlərin 3-5 faizi yeniyetmələrin payına düşür. Nazir müavini proflaktik tədbirlərin keçirilməsinə ciddi diqqət yetirilməsinin vacibliyini önə çəkərək "yeniyetmələr tərəfindən törədilən cinayətlərin qarşısını almaq üçün onlarla işləyən hüquq-mühafizə orqanlarının əməkdaşları məktəblərdə, internatlarda, uşaq evlərində onlarla söhbətlər aparmalıdırlar. İnanıram ki, təlimlər polis əməkdaşlarına işlərini daha yaxşı qurmaqda kömək olacaq" dedi.