Ötən il 153 nəfər bununla bağlı məsuliyyətə cəlb olunub


Nailə İSMAYILOVA

Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, 2005-ci ildə insan alveri ilə bağlı 159 cinayət faktı aşkar edilib.


Nəticədə 153 nəfər bu faktla bağlı məsuliyyətə cəlb olunub. Bundan əlavə insan alverinin qurbanlarını qazanc məqsədi ilə əxlaqsız əməllərə sövq edən 13 mütəşəkkil cinayətkar qrup ifşa olunub. Araşdırmalar zamanı 231 nəfərin insan alverinin qurbanı olması faktı müəyyən edilib.


ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə keçirilən üçgünlük seminarda insan alverinə dair bir sıra maraqlı məqamlar müzakirə edilib. Seminar çərçivəsində həm hökumət rəsmilərinin, həm də qeyri-hökumət təşkilatlarının məsələyə dair fikirləri dinlənilib.


İnsan alverinə dair tədqiqat aparan mütəxəssislərin qənaətincə, səslənən bu statistikanı da yekun rəqəm kimi qəbul etmək olmaz. Amma bir çoxları dövlət rəsmilərinin dilindən belə bir faktın səslənməsini də insan alverinə qarşı mübarizədə atılmış müsbət addım kimi dəyərləndirirlər. Nəzərə alaq ki, bir müddət əvvəl rəsmilər Azərbaycanda bu qəbildən olan problemlərin mövcudluğunu ümumiyyətlə, inkar edirdilər.


"Təmiz dünya" vətəndaş hüquqları uğrunda ictimai birliyinin sədri Mehriban Zeynalova bizimlə söhbətində söylədi ki, analoji problem müstəqillik qazandıqdan sonra ölkə daxilində həmişə yaşanıb: "Əslində insan alveri problemi neçə illərdir mövcuddur. Sadəcə, bu barədə cəmiyyət arasında pıçıltı ilə danışılıb. İnsanlar ən dəhşətli xəstəlik kimi bu barədə danışmaqdan qorxublar. Bu gün isə problemdən danışılır və konkret rəqəmlər söylənilir. Əlbəttə ki, uzunmüddətli sakitliyin fonunda bu rəqəmlər kifayət qədər böyük görünür".


Qeyd edək ki, aparılan tədqiqatlarda narkotik maddələrin alveri qədər gəlirli sahə hesab edilən qadın alverinin himayəçiləri sırasında dövlət rəsmilərinin olması göstərilir. Bir çox mənbələrdə bu fakt təsdiqlənsə də, hələ də inkar edənlər kifayət qədərdir. Elə insan alverinə qarşı mübarizə üzrə milli koordinator olan daxili işlər nazirinin müavini Vilayət Eyvazov polisin insan alveri ilə məşğul olanları himayə etməsi fikrini rədd edir. Nazir müavini deyir ki, cinayətkarlara qarşı mübarizə aparan polisin onlarla əlbir olması mümkünsüzdür. Lakin V.Eyvazov hüquq-mühafizə orqanlarında neqativ halların olması faktını da inkar etmədi. Onun sözlərinə görə, saxta sənədləşməyə görə hüquq-mühafizə orqanlarının əməkdaşları cəzalandırılıblar.


ATƏT-in Bakı ofisinin sədr müavini Robin Sivordun sözlərinə görə, Azərbaycanda insan alverinə dair ilk tədqiqat 2002-ci ilin dekabrında gerçəkləşib. O qeyd etdi ki, həmin vaxt Avropa Şurası və Beynəlxalq Miqrasiya Təşkilatı ilə birlikdə digər nazirlikləri də bu məsələyə cəlb etməyə təşəbbüs göstəriblər. Həmin tədqiqatlar nəticəsində bəlli olub ki, 360 azərbaycanlı qadın insan alverinin qurbanı kimi Birləşmiş Ərəb Əmirliklərinə aparılıb. Cənab Sivord deyir ki, bu faktı eşidən nazirlik nümayəndələri şoka düşmüşdülər: "Çünki bir çoxları kimi, onlar da Azərbaycanda belə halın olmasını düşünmürdülər. Həqiqət isə odur ki, digər ölkələrdə olduğu kimi, Azərbaycan vətəndaşları da insan alverindən əziyyət çəkirlər".


ATƏT təmsilçisi hesab edir ki, problemin aradan qaldırılması istiqamətində həm hökumət, həm də qeyri-hökumət təşkilatları eyni dərəcədə əmək sərf etməlidir. Onun sözlərinə görə, insan alverinə qarşı mübarizəni sürətləndirmək üçün Azərbaycan hökumətinin qarşısında bir sıra məsələlər dayanır. Cənab Sivord həlli vacib məsələlər sırasında insan alverinin qurbanları üçün sığınacaqların açılmasının vacibliyini vurğuladı və əlavə etdi ki, hökumət mart ayına qədər bu məsələni həll etməlidir.


Daxili İşlər Nazirliyi insan alverinə qarşı mübarizə idarəsinin rəhbəri İmran Nəcəfov isə bildirdi ki, hazırda insan alverinin qurbanlarının sayı 500-ə yaxındır. İ.Nəcəfov onu da əlavə etdi ki, bu, yalnız qeydə alınanlardır. İdarə rəisi insan alverinin qurbanlarının sayının bundan çox olması ehtimalını da inkar etmir. Onun sözlərinə görə, bir çox insanlar ətrafdakıların tənəsindən ehtiyat edərək yaşadıqları çətinlikləri heç kimlə bölüşmək istəmirlər.


Söhbət əsnasında sığınacaqların fəaliyyətinə də toxunan İ.Nəcəfov bildirdi ki, burada insan alverinin qurbanlarına həkim və psixoloq yardımı göstəriləcək. Eyni zamanda, problemlə məşğul olan qeyri-hökumət təşkilatlarına da onlarla işləmək imkanı veriləcək. O ki qaldı insan alverinin qurbanı olanların sığınacaqda qalma müddətinə, İ.Nəcəfov bu müddətin 15 gün və ya 3 ay ola biləcəyini söylədi. İdarə rəisi qeyd etdi ki, qurbanın sığınacaqda qalma müddəti onun sağlamlığı, eyni zamanda, psixoloji durumu ilə bağlı olacaq. İ.Nəcəfov onu da əlavə etdi ki, sığınacaq polis tərəfindən xüsusi mühafizə olunacaq, lakin qaydalara əsasən, onların fəaliyyəti heç kəsin diqqətini cəlb etməməlidir.


Bu zaman qarşıya çıxan başlıca problem qurbanlara göstəriləcək yardımın forması, onların hansı yolla cəmiyyətə inteqrasiyası ilə bağlıdır. Bəllidir ki, cəmiyyət sözügedən məsələ ilə bağlı kifayət qədər bilgiyə malik olsa da, hələ də insan alverinin qurbanını fahişə kimi qəbul edənlər var. Bu isə cəmiyyətin onlara qarşı dözümlü olması şansını azaldır. Mehriban Zeynalovanın fikrincə, bu fakt göstərir ki, hələ də insanlar arasında kifayət qədər maarifləndirmə işi aparılmayıb. Birlik sədri hesab edir ki, növbəti illərdə artıq insan alveri ilə mübarizə aparan təşkilatların fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi qaçılmaz olacaq: "Hesab edirəm ki, bu zaman məsələyə kompleks yanaşılmalıdır. Yəni hamı eyni zamanda, maarifləndirmə və ya təbliğat işi ilə məşğul ola bilməz. Əgər biz insan alverinin qurbanının cəmiyyətə inteqrasiyasından danışırıqsa, sözsüz ki, burada psixoloji yardıma, sonrakı həyatında yaşaması üçün qurbanın müəyyən biliklərə yiyələnməsinə və s. ehtiyac olacaq. Odur ki bu müxtəlif sahələr qeyri-hökumət təşkilatları arasında bölüşdürülməlidir".


Mehriban Zeynalova qeyd etdi ki, artıq şimal bölgəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarından biri insan alverinə qarşı mübarizə məqsədi ilə gənc qızlar üçün peşə kursları təşkil edib. Birlik sədrinin sözlərinə görə, bu ideyanın gerçəkləşməsi bölgədə müsbət nəticə verib. O hesab edir ki, analoji təcrübəni hər bir bölgənin xüsusiyyətləri nəzərə alınmaqla, digərlərinə də tətbiq etmək mümkündür.


Ekspert qeyd etdi ki, insan alveri ilə mübarizəyə bütün dünya qoşulduğundan bu işlə məşğul olanlar hər dəfə yeni metodlara əl atırlar. Onun sözlərinə görə, son məlumatlar insan alverində yeni səhifənin açıldığını deməyə əsas verir: "Bizdə olan məlumata görə, artıq insan alverində yeni metodlara əl atılır. Bu fakt xüsusi ilə də Türkiyə ilə bağlıdır. Belə ki, əvvəllər Azərbaycandan, eləcə də digər ölkədən qadınları seksual istismar məqsədi ilə Türkiyəyə aparırdılarsa, artıq onları yalnız uşaq doğmaq üçün aparırlar. Uşaq doğulduqdan sonra o, ananın əlindən alınır və uşağın sonrakı taleyi hələ ki bizə bəlli deyil".


Birlik sədri onu da söylədi ki, bu yaxınlarda Türkiyə höuməti insan alveri ilə mübarizə məqsədi ilə bir sıra şəhərlərdə reydlər keçirib. Reydlər zamanı saxlanılan qadınlar arasında azərbaycanlılar da var. Ümumiyyətlə, belə reydlər zamanı saxlanılan qadınların ölkəyə qaytarılmasına dair hər hansı ölkə ilə razılaşma varmı? Sualımızı cavablandıran M.Zeynalova "açığını deyim ki, fəaliyyətim müddətində belə ekstradisiyalar barəsində məlumat almamışam. Amma hər hansı formada həmin qadınların ölkəyə qayıtmasını təmin etmək, əlbəttə ki, problemin həlli istiqamətində atılan müsbət addım olardı" dedi.