Prezident İlham Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin ləğv edilməsi haqqında dünən fərman imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Qadın Problemləri üzrə Dövlət Komitəsinin əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.


Fərmana görə, Nazirlər Kabineti bir ay müddətində komitənin əsasnaməsini hazırlayıb təsdiq olunmaq üçün prezidentə təqdim etməli, komitənin strukturu və aparatının işçilərinin say həddini təsdiqləməlidir. Prezidentin dünən imzaladığı sərəncamla Hicran Kamran qızı Hüseynova yeni yaradılan komitənin sədri təyin edilib.