DİN səlahiyyətlisi profilaktik tədbirlərin gücləndirilməsini və polis əməkdaşlarının təcrübəsinin artırılmasını vacib sayır


A.ƏHMƏDOVA

Ötən il ölkəmizdə yeniyetmə və azyaşlı uşaqlar tərəfindən 580 cinayət hadisəsi törədilib. Yetkinlik yaşına çatmayanların respublikada törədilən cinayətlərin ümumi sayında payı 3,5 faiz təşkil edir. Daxili İşlər Nazirliyinin mətbuata verdiyi açıqlamasından məlum olur ki, ötən il polis əməkdaşlarının köməyi ilə təxminən 1000 nəfərədək uşaq tapılaraq valideynlərinə təhvil verilib. Küçələrdə işləyən yüzlərlə uşağın yenidən məktəblərə getməsinə nail olunub. Nazirlik məlumatında daha sonra qeyd edir ki, hüquq-mühafizə orqanlarında 3000-dək azyaşlı uşaqla profilaktik söhbətlər aparılıb. Daxili işlər nazirinin müavini Oruc Zalovun sözlərinə görə, MDB ölkələri ilə yaradılan əlaqə sayəsində sözügedən dövlətlərə gedən uşaqların Azərbaycana gətirilməsinə imkan yaranıb. Öyrəndik ki, 2005-ci ildə ayrı-ayrı ölkələrdəki 12 uşaq valideynlərinə və internat məktəblərinə təhvil verilib. Habelə Azərbaycanda olan digər dövlətlərin vətəndaşı sayılan 12 uşaq da öz ölkəsinə qaytarılıb.


Nazir müavini bildirib ki, azyaşlıların insan alverinə cəlb edilməsi ilə bağlı cəmi 8 fakt qeydə alınıb. Bu kimi problemlərlə məşğul olan qurumun 2004-cü ildən fəaliyyətə başladığını xatırladan natiq ölkəmizdəki durumun Qərb ölkələrindəkindən pis olmadığını dilə gətirib. Onun sözlərinə görə, həyat olduqca, yeniyetmələr tərəfindən törədilən cinayətlər də olacaq. Lakin rəqəmlərin sayını azaltmaq mümkündür. Bunun üçün də profilaktik tədbirlər və yeniyetmələrlə işləyən polis əməkdaşlarının təcrübələri artırılmalıdır.


Yeri gəlmişkən, ötən saylarımızdan birində xəbər verdiyimiz kimi, Bakı üzrə yeniyetmə və azyaşlılarla iş şöbələrinin inspektorlarına "Azyaşlıların hüquqi mühafizəsi və ədliyyəsi" proqramı çərçivəsində təlim kursu keçilib. Artıq onlara bunu təsdiq edən sertifikat da verilib. Daxili işlər nazirinin müavini Oruc Zalov mətbuata açıqlamasında deyib ki, sertifikatlar polis əməkdaşlarına beynəlxalq sistemə uyğun iş aparmağa imkan verəcək. Bununla yanaşı, təlimlərdə qazandıqları bilik onlara uşaqların hüquqlarının qorunması ilə bağlı aparılan profilaktik tədbirlərin həyata keçirilməsində kömək olacaq.


UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hana Singer də bildirib ki, yetkinlik yaşına çatmayanlarla işləyən inspektorların təcrübələrinin beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırılması üçün onların təlim keçməsi zəruridir. O hesab edir ki, Bakıda gerçəkləşdirilən təlim kursları bu işin ilk mərhələsinin başlandığından xəbər verir. H.Singerin sözlərinə əsasən, gələcəkdə təlimlərə hakim və hami-tərbiyəçilər də cəlb ediləcəklər.


Təlim kursunda iştirak etmiş polis mayoru Gülnarə Əliyeva deyir ki, onların işlərində müəyyən problemlər mövcuddur. Belə ki, şöbələrin maşınla təmin edilməsində çətinliklər var. Bundan başqa, əməkdaşlar başqa xidməti işlərə cəlb olunur, baş inspektorlar kapitan rütbəsi almayıblar. Onun fikrincə, bu kimi problemlər polis əməkdaşlarında öz işlərinə marağı azaldır. Onun sözlərinə görə, digər problem küçədən sahibsiz uşaqlar tapıldıqda yaranır. Qeyd edək ki, ünvanı və valideynləri məlum olmayan uşaqlar nazirliyin yeniyetmə və azyaşlılarla iş üzrə şöbəsinə təhvil verilməlidirlər. Lakin bu proses məhkəmə qərar verdikdən sonra başlanmalıdır. Lakin məhkəmə qərarlarının verilməsində ləngimələr olur.