Hicran Hüseynova qadın və gənc ailələrin problemlərinin həllini də prioritet məsələ sayır
SELCAN
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimsəsiz uşaqlarla bağlı bir sıra layihələr həyata keçirməyi nəzərdə tutur. Bu barədə məlumat verən komitə sədri Hicran Hüseynova hazırda bu sahədə ciddi problemlərin olduğunu dilə gətirdi. Onun sözlərinə görə, problemlə bağlı müvafiq qurumlar iş görsələr də, mövcud vəziyyət səyləri artırmağı diktə edir: "Biz bu uşaqların cəmiyyətin bir üzvünə çevrilməsini istəyirik. Əks halda ölkənin gələcəyi yaxşı olmayacaq".
Hicran Hüseynova qeyd etdi ki, komitənin səlahiyyətlərinin artırılması ona daha geniş sahəni əhatə etməyə, həmçinin qadın, uşaq və ailələrin problemlərini həll etməyə imkan verir. Komitə sədri gənc ailələrə xüsusi diqqət yetiriləcəyini də dilə gətirib: "Gənc ailələr haqqında xüsusi fikirləşəcəyik. Əgər gənclərin ölkədə qalmasını istəyiriksə, onlar üçün şərait yaradılmalıdır. Onların iş, ev problemlərinin həllində ciddi addımlar atılmalıdır".
Komitənin strukturunun formalaşdırılması üçün bir aya yaxın vaxt tələb olunduğunu bildirən Hicran Hüseynova "Ümumiyyətlə, komitənin əhatə etdiyi istiqamətlər bizim çox zəif yerimizdir. Bu gün qadın və uşaqlara diqqətin artırılması qaçılmaz faktdır. Biz xüsusilə də gənc ailələr haqqında düşünməliyik. Belə ki, onların zəruri problemlərinin həlli komitənin prioritet məsələlərindən olacaq" dedi. Hicran Hüseynova gənc ailələrə ipoteka kreditinin verilməsi məsələsinə də toxunmaq niyyətindədir: "Mən Gənclər və İdman Nazirliyinin səlahiyyətlərini öz üzərimə götürmək istəmirəm, lakin gənclərə, eləcə də gənc ailələrə dəstək vermək bizim vəzifəmiz olacaq".
Hicran Hüseynova komitənin gələcək fəaliyyətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edəcəyini də vurğuladı. "Artıq bu sahədə bir sıra layihə və proqramlarımız var. Həyata keçirmək istədiyimiz proqramlar içərisində kimsəsiz və qaçqın uşaqların problemlərinin həlli, onların təhsilə cəlb edilməsi, küçələrdən yığışdırılaraq internat məktəblərə və ya ailələrə verilməsini təmin etmək də var", - deyə o əlavə etdi.