Komissiya sədrinin fikrincə, belə hallara qarşı mübarizənin bütün formalarından istifadə edilməlidir


İlham QULİYEV

"Son vaxtlar Bakının küçələrində dilənçilərin sayının artması məni narahat edir". Bu açıqlama ilə Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli çıxış edib. Onun sözlərinə görə, hazırda paytaxtda həqiqi dilənçilər və dilənçiliyi biznesə çevirənlər fəaliyyət göstərirlər: "Çox təəssüf ki, bəzən bizdə "dilənçi biznesi"ni kasıbçılıqla bağlayırlar. Hesab edirəm ki, hər şey öz adı ilə çağrılmalıdır. Biri var dilənçilik, biri də var kasıbçılıq. Bu gün zibil yeşiyində özünə yemək axtaranlar dilənçidir və onlara bu stasus düşür. Amma kimsə tutaq ki, 20 uşağı küçələrə salıb diləndirir, axşam düşəndə isə onlardan pul yığırsa, bu, dilənçilik deyil, cinayətdir".


Komissiya sədri "dilənçilik biznesi"nə qarşı mübarizənin bütün formalarından istifadə etməyin tərəfdarı olduğunu deyib: "Bundan başqa, bizdə yaşayış yeri olmayanlar problemi də mövcuddur. Deyim ki, bu kimi problemlər dünyanın bütün ölkələrində var. Bizdə isə belə məsələlər o qədər də xarakterik deyil".


Komissiya sədri qeyd edib ki, dünyanın bəzi ölkələrində bu kimi problemlər xeyriyyəçilik yolu ilə aradan qaldırılır: "Başqa qisim ölkələrdə isə dövlət problemin həlli üçün ciddi işlər aparır. Düşünürəm ki, əhalinin sosial müdafiəsinin güclənməsi istiqamətində dövlət tərəfindən atılan addımlar bunun qarşısını almaqdan ötrü ciddi faktordur".


H.Rəcəbli prezidentin fərmanı ilə Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasına da münasibət bildirib. Onun fikrincə, yeni komitənin yaradılması bu sahədəki problemlərin həlli üçün böyük kömək olacaq. Komissiya sədri qeyd edib ki, Qadın Problemləri üzrə Dövlət Komitəsi amorf bir qurum kimi fəaliyyət göstərib və daha çox ictimai birlik təəssüratı yaradıb: "Ölkə prezidentinin fərmanı ilə Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra əvvəlki qurumun mahiyyəti də dəyişib. Hesab edirəm ki, yeni Əsasnamə hazırlandıqdan sonra bu komitə samballı bir dövlət qurumu kimi fəaliyyət göstərəcək".