Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının nəzdində fəaliyyət göstərən İşçi Qruplarının təmsilçilərindən ibarət nümayəndə heyəti yenicə yaranmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova ilə görüşüb. İki saata yaxın davam edən görüş ərzində Komitə sədrinə QHT Alyansı haqqında geniş məlumat verilmiş, Alyansın fəaliyyət göstərdiyi strateji istiqamətlər açıqlanmışdır. Görüşdə iştirak edən təşkilatların nümayəndələri rəhbərlik etdikləri və təmsil olunduqları təşkilatlar haqqında məlumat verdikden sonra, uşaq problemlərinin həlli istiqamətində Komitənin rolu mövzusunda ümumi müzakirələr keçirilimişdir. Eyni zamanda Alyansın gündəliyində duran bir sira məsələlər – deinstitutlaşdırma, yuvenal ədliyyə, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemləri – haqqında da müzakirələr aparılmışdır.


QHT Alyansının nümayəndələri Komitənin təşkilatlanması, fəaliyyətinin qurulmasında öz köməyini göstərməyə hazır olduqlarını vurğulamaqla yanaşı, həmçinin fəaliyyət dövrundə Komitə ilə sıx əməkdaşlıq qurmaq niyyətində olduqlarını qeyd etdiler. Həmçinin qeyd olundu ki, uşaq problemlərinin həlli istiqamətində koordinasiyanin çox zəif olması bu sahədə işləyən qurumların – dövlət və QHT-lərin – pərakəndə şəkilində iş görməsinə gətirib çıxarmışdır. Komitənin artıq Azərbaycanda uşaqlara dair dövlət siyasətini həyata keçirən icraçı qurum olacağını nəzərə alaraq, əlaqələndirmə işinin işlək şəkildə və QHT Alyansının iştirakı ilə qurulmasının zəruri olduğu vurğulanmışdır.


Görüşün sonunda, QHT Alyansının üzvləri Komitə sədrinə yeni təyinatda müvəffəqiyyətlər arzu etdi, Alyansın çap etdikləri kitabları və alternativə hesabatları təqdim etdilər. Görüşdə qərara alındı ki, bu cür görüşlər tez-tez keçirilməli və həmçinin effektiv kommunikasiya məqsədilə QHT Alyansının milli əlaqələndiricisi ilə mütəmadi görüşlər keçirilməli və əlaqələr qurulmalıdır.