Fevral ayının 14-də ATƏT-in Bakı Ofisi və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının birgə həyata keçirdikləri «Yuvenal Ədliyyənin İnkişafı Proqramı» çərçivəsində Azərbaycanın bütün rayon və şəhərlərində qanunla münaqişədə olan yetkinlik yaşına çatmayanların məsələlərilə bağlı polis məntəqələrinin nəzdində olan müvəqqəti saxlama təcridxanaları (MST) və uşaq paylayıcı-bölüşdürücü mərkəzlərinin vəziyyəti və onların fəaliyyətinin monitorinqini həyata keçirəcək şəxslər üçün seminar keçirilib. Uşaq Hüquqları üzrə QHT Azərbaycan Alyansının ofisində keçirilən seminarı Daxili İşlər Nazirliyinin əməkdaşları Əlihüseyn Əlihüseynov və Nəriman Abdulrəhmanov aparıblar. Seminarın keçirilməsində məqsəd monitorinqi həyata keçirəcək şəxslərə yerlərdəki polis idarələri və məntəqələrində mövcud vəziyyət, təlimatlara əsasən fəaliyyəti və qanunvericiliklə bağlı məlumatların çatdırılması olub.


Eyni zamanda, qeyd etmək lazımdır ki, bu layihə çərçivəsində uşaq tərbiyə müəssisəsi, istintaq təcridxanaları, yetkinlik yaşına çatmayanların işlərinə dair məhkəmə işlərinin də monitorinqi həyata keçiriləcəkdir. Bu monitorinq layihəsi ümumiyyətlə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının ATƏT-in Bakı ofisi və Böyük Britaniya Səfirliyinin dəstəyilə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkil, Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Polis Akademiyası, Təhsil Nazirliyi və Əmək və əhalinin sosial müdafiəsi nazirlikləri ilə əməkdaşlıqda həyata keçirilən «Yuvenal Ədliyyənin İnkişafı Proqramı» çərçivəsində baş tutacaqdır və bu layihənin nəticələri Azərbaycanda yuvenal ədliyyə sisteminin inkişafı prosesində və onun BMT-nin beynəlxalq standartlarına uyğun qurulması prosesində istifadə ediləcəkdir. Bu layihənin nəticəsi olaraq, sadalanan sahələrdə mövcud problem və çətinliklərin araşdırılması və onların aradan qaldırılması məqsədilə konkret təklif və tövsiyyələri əks etdirəcək xüsusi hesabat hazırlanacaq və müvafiq dövlət qurumlarına təqdim ediləcəkdir. Qeyd etmək lazımdır ki, monitorinqin düzgün və beynəlxalq standartlara uyğun həyata keçirilməsini təmin etmək məqsədilə hüquqşünaslar sırasından monitorerlər seçilmiş və ATƏT-in Bakı ofisinin dəvətilə Bakıya təşrif buyurmuş Almaniyalı mütəxəssis cənab Diyerk Helmkenin iştirakı ilə 4 günlük təlim keçirilmişdi.