Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi, YUNİSEF-in Azərbaycandakı Nümayəndəliyinin maliyyə yardımı və Təhsil Nazirliyinin dəstəyi ilə «Uşaq Haqları Konvensiyası» mövzusunda Milli Plakat – Rəsm əsərlərinin Respublika Müsabiqəsinin keçirilməsi ilə bağlı yeni layihəsinin icrasına başlamışdı. Layihə 3 ay müddətində Aprel-İyun 2003 tarixlərində həyata keçiriləcəkdir. Artıq layihənin hazırlıq işləri başa çatmış və müsabiqənin məqsəd və vəzifələri və həmçinin şərtləri respublikanın bütün şəhər, rayon və kənd məktəblərinə göndərmişdi.


«Uşaq Haqları Konvensiyası» adlı Milli Rəsm-Plakat Əsərlərinin Müsabiqəsində Azərbaycanın bütün şəhər, rayon və kənd məktəblərinin, habelə internat və xüsusi təyinatlı məktəblərin 6-18 yaşlı şagirdləri iştirak edə bilər. Müsabiqə də üç seçim mərhələsindən ibarət olacaqdır ki, onlardan:

  • Birinci mərhələ hər bir şəhər, rayon və kənd məktəblərində həmin məktəblərin rəhbərliyinin nəzarəti altında keçirilir və müvafiq vaxt ərzində yığılmış rəsmlər məktəb rəhbərliyi tərəfindən təsdiq edilmiş Münsiflər Heyəti tərəfindən ilkin seçim prosesinə qatılır. Məktəb üzrə yığılmış bütün rəsmlərdən ən yaxşı 30 rəsm seçilib müvafiq vaxt ərzində Şəhər və ya Rayon təhsil şöbələrinin rəhbərliyinə çatdırılmalıdır.
  • İkinci mərhələ Şəhər və ya Rayon Təhsil Şöbələrinin bilavasitə rəhbərliyi altında keçirilir. Bu məqsədlə Şəhər və ya Rayon Təhsil Şöbələrinin tabeliyində olan bütün orta məktəblərin nümayəndələrinin iştirakı ilə xüsusi Münsiflər heyəti təşkil olunur və şəhər və ya rayon üzrə təqdim olunmuş bütün rəsmlərdən cəmi 30 ən yaxşı əsər seçilib Təhsil Nazirliyi və ya Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinə müəyyənləşdirilmiş vaxt ərzində göndərilir. Son üçüncü seçim mərhələsi Bakı şəhərində Təhsil Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, BMT-nin Uşaq Fondu (YUNİSEF), Ümidli Gələcək Gənclər Təşkilatı, Rəssamlar İttifaqı və respublikada fəaliyyət göstərən digər dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri tərəfindən təşkil olunmuş Münsiflər heyəti tərəfindən aparılacaq. Jəmi 50 ən yaxşı rəsm əsəri seçiləcək.

Seçilmiş 50 əsərdən ən yaxşı 20 rəsm xüsusi olaraq hazırlanacaq rəngli alboma daxil ediləcək. Münsiflər heyəti tərəfindən «Uşaq Haqları Konvensiyası.» mövzusunda ən yaxşı rəsm əsri kimi qiymətləndirilən 4 qalibə isə pul mükafatları təqdim ediləcək.