Çünki məktəbəqədər müəssisələrin 80 faizində istilik sistemi işləmir


AYNURƏ

Qış aylarında valideynlərin uşaq bağçalarındakı vəziyyətdən gileylənməsi artıq ənənə halını alıb. Onlar haqlı olaraq uşaqlarını bağçalara göndərməkdən imtina edirlər. Səbəb isə soyuq və şaxtalı qış aylarıdır. Məlumat üçün bildirək ki, ölkəmizdə məktəbəqədər yaş həddində olan uşaqların bağçalara cəlb edilməsinin səviyyəsi çox aşağıdır. Belə ki, ölkə üzrə bu statistika cəmi 19,9 faizdir. MDB-nin əksər ölkələrində bu rəqəm 50 - 85% təşkil edir. Inkişaf etmiş ölkələrdə, məsələn, Finlandiyada uşaqların 99, Almaniyada isə 90 faizi məktəbəqədər müəssisələrə gedir. Mütəxəssislər uşaqların yetişməsində, onların ünsiyyət qabiliyyətinin və bacarıqlarının inkişaf etdirilməsində məhz bağçaların əhəmiyyətli rola malik olduğunu qeyd edirlər.


Yəqin ki, azərbaycanlı uşaqların bağçalara getməməsinin səbəbi çoxları üçün qaranlıqdır. Əhalisinin 42 faizi yoxsulluq həddindən aşağı yaşayan ölkədə nə üçün uşaqların cəmi 19,9 faizi bağçalara gedir? Axı bağçalarda uşaqlara gündə 2 - 3 dəfə isti xörək verilir. Bundan başqa, övladını bağçaya verən valideynlərin işləmək imkanları var. Görəsən, niyə valideynlər hökumətin verdiyi bu "şans"dan istifadə etmirlər?


Səbəbi çox axtarmağa gərək yoxdur. Uşaqlar bağçalarda sözün əsl mənasında soyuqdan donurlar. Qəribəsi budur ki, nazirlik uşaq bağçalarındakı mövcud vəziyyətlə tanışdır. Nazirliyin məlumatına əsasən, məktəbəqədər müəssisələrin 80%-dən çoxunda qızdırıcı sistemlər işləmir. Ona görə də soyuq havalarda tərbiyəçilər 1 - 2 otağı elektrik qızdırıcısı ilə qızdıraraq uşaqları bir otağa toplayırlar. Acınacaqlı hal odur ki, transformatorlar bu yüklənməyə tab gətirmir. Beləliklə də elektrik enerjisinin verilməsində fasilələr yaranır. Bu halda qazsız və işıqsız qalan uşaqların vəziyyətini təsəvvür etmək çətin deyil. Ona görə də bağçalarda soyuqdəymədən yaranan müxtəlif xəstəliklər qazanan uşaqların valideynləri övladlarını bu müəssisələrdən uzaqda saxlamağa üstünlük verirlər.


Uşaq bağçalarının vəziyyəti istilik sistemlərinin bərbad durumu ilə bitmir. Təhsil Nazirliyinin məlumatına görə, hazırda ölkədə fəaliyyət göstərən bütün məktəbəqədər müəssisələrin 65 faizinin əsaslı təmirə ehtiyacı var. Müəssisələrin 32 faizində isə məcburi köçkün ailəsi yerləşdirilib.


Ən ziddiyyətlisi odur ki, Təhsil Nazirliyi uşaqların bağçalara getməsini təmin etmək məqsədilə proqram hazırlayır...