9 oktyabr 2024-cü il tarixində UNİCEF-in Azərbaycan ofisinin rəhbəri Dr. Saca Faruq Abdullah, o cümlədən, müavin Ana Dautovic və Uşaq Müdafiəsi departamentinin rəhbəri Vüqar Salmanov və digərləri “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sosial xidmət mərkəzlərinin (Azərbaycan Uşaq Qaynar Xətt xidməti, Yuvenal Ədliyyə mərkəzi, Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün sosil reabilitasiya mərkəzi) qonağı oldular.

Səfər zamanı, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova sosial xidmət mərkəzlərinin fəaliyyət istiqamətləri, təşkilatın uşaq hüquqlarının müdafiəsinə verdiyi töhfələr, yerli və beynəlxalq sahədə görülmüş işlər və gələcək hədəflər haqqında məlumat vermişdir.

Həmçinin, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin inkişafı, Uşaq Qaynar Xəttinin uşaq və ailələrə göstərdiyi birbaşa xidmətlər və xüsusilə əhalinin daha böyük kütləsinə çatmaq məqsədilə tanıtımın gücləndirilməsi istiqamətində gələcək əməkdaşlıq üçün yeni imkanlar, qanunla münaqişədə olan uşaqların reabilitasiyası üçün Yuvenal Ədliyyə Mərkəzinin atdığı addımlar, bu uşaqların cəmiyyətə reinteqrasiyası prosesi, eyni zamanda dövlət qurumları ilə sıx əməkdaşlıq və onların fəaliyyətimizə verdiyi müsbət töhfələr barəsində müzakirələr edilmişdir.

Müzakirələrdə uşaq hüquqlarının qorunması, uşaqyönümlü yanaşmanın tətbiqi və bu istiqamətdə fəaliyyətlərin dayanıqlılığı kimi mühüm məsələlərə toxunulmuşdur. Görüş birgə əməkdaşlığın gücləndirilməsi, təşkilatın xidmət sahələrinin genişləndirilməsi, uşaqların problemlərinə tez və operativ cavab tədbirlərinin görülməsində kompleks yanaşmalar və kadrların inkişafı istiqatində atılmalı adıımlar barədə təkliflərlə yekunlaşdırılmışdır.